Geologiyaya həsr olunmuş ömür

 
Bu gün Azərbaycanın görkəmli geoloqlarından biri,   Respublikamızın Əməkdar geoloqu, unudulmaz insan Akir İsazadənin doğum günüdür. O, 2017-ci ilin 7 oktyabrında dünyasını dəyişmişdir.

 
A.İsazadənin  həyatı və fəaliyyəti barədə “Respublika” qəzetinin

2013-cü il  6 mart tarixli nömrəsində dərc olunmuş yazımı diqqətinizə

təqdim edirəm.
                                                                   Ağamahmud SƏMƏDOV, geoloq                                                      

Barəsində söz düşəndə tanış-biliş “qızıl adamdır!” deyir. Bu, gəlişi gözəl söz deyil. Arxasında uzun illərin gərgin zəhməti, yayın qızmarında aranda, qışın şaxtasında şaxtalı-qarlı dağlarda uzunmüddətli geoloji tədqiqatlar aparmağa qatlaşmaq, bu yolda qarşıya çıxan problemlərin öhdəsindən gəlmək bacarığı, yer təkində milyonlarla illər “gizlənmiş” yeraltı faydalı sərvətləri aşkar etmək, öyrənib, sənaye əhəmiyyətini müəyyənləşdirməklə doğma Azərbaycanımıza sədaqətlə xidmət etmək bacarığı durur!

Haqqında söhbət açdığımız Akir Abasəli oğlu İsazadə 1960–cı ildə Neftçalada 1N–li orta məktəbi gümüş medalla başa vurduqdan sonra böyük qardaşı — Azərbaycan Dövlət Universitetinin “qırmızı” diplomlu məzunu, hazırda görkəmli geoloq–alim, paleobiogeokimya üzrə ilk geologiya-mineralogiya elmləri doktoru, doğma universitetin professoru Sokrat İsazadəni yolu ilə gedərək geologiya şöbəsinə daxil olmuşdur. 1966-cı ildə ali təhsilini bitirib sevimli peşəsi üzrə, Kiçik Qafqazın Azərbaycan hissəsinin, demək olar ki, bütün bölgələrində, Böyük Qafqaz, Dağlıq Talış və Naxçıvan Muxtar Respublikasının müəyyən ərazilərində faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. Laçında Çilgəzçay, Tovuzda Qoşa, Aydağ və Ceyrançöl, Ağdərədə Qızılbulaq və Dəmirli, Qazaxda Dağkəsəmən, Şəmkirdə Qaradağ, Daşkəsəndə Çovdar (çini daş), Gədəbəydə filiz (qızıl, civə, mis və molibden) və qeyri–filiz (seolit, vulkan külü, tikinti materialları) yataqlarının axtarışında, kəşfiyyatında və ehtiyatlarının hesablanmasında bilavasitə iştirak etmişdir. Nəticədə ölkəmizin bir sıra strateji mineral–xammala olan tələbatını uzun müddət ödəyə biləcək etibarlı xammal bazası yaradılmışdır. Akir müəllimin iştirakı və rəhbərliyi altında aşkar olunmuş bir sıra tikinti materialları yataqlarının mineral ehtiyatlarından hazırda ölkəmizdə geniş vüsət almış tikinti–quruculuq işlərində gen–bol istifadə olunur. Tovuz rayonundakı Qoşa, Ağstafadakı Dağkəsəmən qızıl yataqlarının ehtiyatlarından isə yaxın zamanlarda istifadə olunacaqdır. Əminik ki, bu perspektiv ölkəmizdə dağ–mədən sənayesinin inkişafına güclü təkan verəcəkdir.

O, uzun illər Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin Kiçik Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında baş geoloq və rəis vəzifələrində çalışarkən regionda aparılan geoloji-kəşfiyyat işlərinin perspektivinin müəyyənləşdirilməsini, istehsalat layihələrinin, geoloji hesabatların savadlı tərtib olunmasını, faydalı qazıntı ehtiyatlarının keçmiş SSRİ-nin müvafiq dövlət komissiyalarında müzakirəsinin keçirilməsini, həmçinin müdafiə olunub təsdiqlənməsini həmişə yüksək səviyyədə təşkil etmişdir.

Akir müəllim 2002–2006–cı illərdə ekologiya və təbii sərvətlər nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin Abşeron–Qobustan və Xəzəryanı ekspedisiyasının baş geoloqu vəzifəsində çalışmış və axtarış–kəşfiyyat işlərinə rəhbərlik etmişdir. Belə bir səmərəli, ən əsası isə elmi–praktik geoloq taleyi yaşayan Akir İsazadə çox keçmir ki, respublikamızın ərazisindəki perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti və “R.V.İnvestment Group Servises LLC, USA” şirkəti arasında bağlanmış saziş əsasında fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Mədən-Əməliyyat Şirkətinə dəvət alır. Hazırda orada Geologiya Departamentinə rəhbərlik edir. Həmin şirkət Gədəbəy, Tovuz və Ordubad Kontrakt sahələrində aparılan geoloji–kəşfiyyat işlərinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, regionlar üzrə kəşfiyyat proqramlarının tərtib olunaraq həyata keçirilməsində bu gün də yaxından iştirak edir. Bir sözlə, dövlətimizin ilk əmtəə qızılının dünya bazarlarına çıxmasında onun müstəsna əməyi vardır.

Tovuz rayonu ərazisində yerləşən Qoşa, Ordubad rayonundakı Ağyurd və Piyazbaşı qızıl yataqlarına dair “Kəşf və onun kommersiya dəyəri haqqında Bildiriş”lər onun yaxından iştirakı və rəhbərliyi ilə hazırlanmış, müvafiq Elmi–Texniki Şurada müdafiə edilmişdir. Həmin yataqların mineral ehtiyatlarına və əmtəəlik məhsuluna dair işlənmə və hasilat proqramları tərtib olunaraq Azərbaycan hökumətinə təqdim edilmişdir. Gədəbəy qızıl yatağında aparılmış geoloji kəşfiyyat və istismar kəşfiyyatı işləri nəticəsində sahənin resurslarının xeyli artıq olduğu müəyyənləşdirilmişdir. Beləliklə, uzun müddət aparılmış nəzəri və təcrübi araşdırmalar adı çəkilən yataqların perspektivliyini bir daha təsdiqləmişdir. Yaxın zamanlarda həmin yataqların istifadəyə verilməsi gözlənilir.

Tanınmış geoloq şirkət üçün gənc mütəxəssislərin hazırlanmasına da böyük diqqət yetirir.

İsazadə qardaşlarının kiçiyi - Ərəstun müəllim də universiteti fərqlənmə diplomu ilə bitirərək mühəndis–geoloq ixtisasına yiyələnmiş, uzun illər respublikamızın neft sənayesində çalışmışdır. Hazırda Salyan Rayon İcra Hakimiyyətində şöbə müdiridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur, Qarabağ müharibəsi veteranıdır.

Akir İsazadə keşməkəşli həyat və əmək yollarında ən böyük dəstəyi ömür–gün yoldaşı və həmkarı Fatma xanımdan almışdır. Azərbaycan qadını üçün o qədər də xarakterik olmayan bir peşəyə yiyələnən Fatma xanım bacarıqlı geoloq və qayğıkeş qadın kimi uzun illər çətin çöl şəraitində — çadırlarda yaşamış və işləmiş, geoloji hesabatların tərtib edilməsində və faydalı qazıntı ehtiyatlarının hesablanmasında fəal iştirak etmişdir. Qızları Günay on üç yaşında Azərbaycan Tibb Universitetinə daxil olmuş və endokrinoloq ixtisasına yiyələnmişdir.

Akir İsazadə təhsil aldığı müəssisələrin, çalışdığı təşkilatların və sevdiyi Vətənin şərəfini həmişə uca tutmuş, bunu həyatı boyu səmərəli fəaliyyəti, nümunəvi əxlaqı ilə təsdiqləmişdir. O, sovet dövründə “SSRİ-nin Yer təki Kəşfiyyatının Əlaçısı” döş nişanı, müstəqillik dövründə isə “Azərbaycan Respublikasının Əməkdar geoloqu” fəxri adına layiq görülmüşdür.

Ölkəmizdə və xaricdə nəşr edilən bir sıra elmi–nəzəri məcmuələrdə Akir İsazadənin xeyli elmi məqalələri çap olunmuşdur. Onun gözəl ədəbi–bədii zövqü və tərcüməçilik bacarığı da vardır. Rus ədəbiyyatının klassikasına çevrilmiş, məşhur “On iki stul”(müəllifləri: İlya İlf, Yevgeni Petrov) romanını Azərbaycan dilinə tərcümə etmişdir. O, Qarabağ müharibəsi veteranıdır.

Akir müəllim Azərbaycan geologiyasına töhfələr verən, xoşbəxtliyini məhz geoloq olmaqla vətənə xidmətdə görən mütəxəssisdir.