Geoloq sənəti...

Geoloq olmaq istəyən gənclərimizə                        

İnsanın əmək fəaliyyətini əhətə edən yüzlərlə ixtisasınhər birinin öz gözəlliyi və özünəməxsusluğu vardır. Peşəkarlığın əsas meyarı  insanın seçdiyi peşəyə bağlılığı, onun sirlərinə və incəliklərinə yiyələnməsi ilə müəyyən olunur.  Bununla yanaşı, mövcud olan ixtisas növləri içərisində digər peşələrdən  bir qədər fərqli olan fəaliyyət növüdə vardır. Burada çöl mövsümü zamanı işçinin əmək fəaliyyəti vaxt məhduduluğu ilə  bağlı olan gərgin əməklə, çoxlu fiziki qüvvə sərfi ilə, hava şəraitindən asılılıqla, texnikanın vəziyyəti ilə, işçilərin  qarşılıqlı münasibəti və nisbətən artıq təhlükəliliklə xarakterizə olunur... Yəqin ki, söhbətin geoloq peşəsindən getdiyini bir çoxunuz duydu. Bir qayda olaraq, əksər peşə sahibləri harada  çalışmalarından asılı olmayaraq işdən sonra evə, ailəsinin, doğmalarının yanına qayıdır. Geoloqlar isə əksinə uzun müddət evdən, ailədən təcrid olunmuş şəraitdə həm işləməli, həmdə yaşamalı olurlar.

Görünür bu amilə görə  bir çoxları Geologiyanı peşədən, ixtisasdan əvvəl  həyat  tərzi adlandırırlar.

Bəs geoloq kimdir?

Geoloq faydalı qazıntı yataqlarının aşkar olunması və dəyərləndirilməsini həyata keçirən, həmçinin yer təkinin digər xüsusiyyətlərini öyrənən mütəxəssisdir.

Çox zaman bu peşəni uzun sürən, uzaq və romantik səyahətlərlə eyniləşdirirlər. Müəyyən mənada bu belədir; lakin fərq ondadır ki, geoloqlar dünyanın məhşur kurortlarına deyil, çox zaman əlçatmaz  uzaq dağlara və əldən-ayaqdan uzaq çay vadilərində  mineral sərvətlər  axtarışına gedirlər.

Ekspedisya şəraitində iş məhdud sayda üzvü olan kollektivin tərkibində görülür, bu da geoloqdan digər insanlara qarşı dözümlülük, birgə yaşamaq qabiliyyəti, çöl şəraiti ilə əlaqədar müxtəlif məişət çatışmazlıqlarına və  digər çətinliklərə real yanaşmaq qabiliyyətinə malik olmağı tələb edir.

Digər peşələrdən fərqli olaraq geoloq işinin uğurla nəticələnməsi üçün şəxsi keyfiyyətlər həlledici rol oynayır. Yaxşı geoloq olmaqdan ötəri müşahidəçilik, məlumatı təhlil etmək bacarığı, ekspedisyalarda işləmək üçün fiziki möhkəmlik, çöl şəraitində qarşıya çıxan çətinlikləri həll etməyə hazır olmaq bacarığı və  həyat sevgisi lazimdır.

Geoloqun kimyanı, fizikanı, coğrafiyanı və geodeziyanı bilməsi  vacibdir. O, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı məqsədi ilə süxurların quruluşunu və tərkibini öyrənən mütəxəssisdir. Geoloq peşəsi bir sıra istehsalat tapşırıqlarının yerinə yetirilməsi və nəzəri problemlərinişlənməsi, təbii obyektlərin öyrənilməsi, onların istifadə olunması imkanlarının qiymətləndirilməsi və qanunauyğunluqlarınıda öyrənir.

Mineral və energetika resursları hər bir ölkənin iqtisadiyyatının özəyini təşkil edir. Geoloqun fədakar əməyi ölkənin iqtisadiyyatının inkışafını təmin edir. İstənilən geoloji işin məqsədi geoloji planalma, axtarış və kəşfiyyat işləri aparmaqla sonda  faydalı qazıntı yataqlarını aşkar etmək və qiymətləndirməkdir.

Bu məqsədlə aşağıdakı işlər görüməlidir:

-       geoloji planalma işlərinin, perespektivli sahələrdə axtarış işlərinin aparılması,

-       aşkar olunmuş yataqların qiymətləndirilməsivəkəşfiyyatı,

-       dağ-mədən müəssisəsinə geoloji xidmətin göstərilməsi,

-       dağ qazmaları və buruq quyularının qoyulma nöqtələrinin(ağızlarının) topoqrafik bağlanmasını bilmək,

-       dağ qazma işlərinin və istismar kəyfiyyatının planlarının hazırlanması,

-       yatağın geoloji qurluşunun öyrənilməsi,

-       mədən istismar və kəşfiyyat işlərinə geoloji nəzarətin həyata keçirilməsi,

-       geoloji məlumatların toplanması və təhlili.

Geoloqun iş yeri:

-      geoloji kəşfiyyat ekspedisyaları,

-      geofiziki və buruq qazma partiyaları,

-      geoloji istiqamətli elmi tədqiqat müəssisələri,

-      geoloji işlər aparan müstəqil geoloji təşkilatlar,

-      dağ mədən sənayesinin  geoloji təşkilatları.

Geoloqun zəruri keyfiyyətləri

-       əla sağlamlıq və fiziki dözüm,

-       geniş düşüncə tərzi,

-       inkişaf etmiş məntiqi düşüncə,

-        yaxşı yaddaş və analitiq düşüncə,

-       sərbəstlik və çevik düşüncə (şəraitin dəyişməsindən asılı olaraq planın və  tapşırıqların icrasını dəyişmək,korrektə etmək bacarığı),

-       müxtəlif yerlərdə və hava şəraitində fiziki və pisixoloji gərginliyə uzunmüddət tab gətirmə bacarığı,

-       ətraf şəraitdə istiqamət (oriyentir) götürməni bacarmaq qabiliyyəti,

-       yüksək səviyyədə diqqəti toplamaq bacarığı ,

-       normalaşdırılmamış iş günü şəraitində işləmək bacarığı,

-       operativlik ( müxtəlif vəziyyətə tez reaksiya vermək və qərar qəbul etmək bacarığı),

-       müşahidəçilik ,

-       məsuliyyət hissi,

-       mətinlik (inadkarlıq),

-       iradəlilik,

-       komandada işləmək bacarığı

Müasir geoloqun  portreti

XX əsrin əvvəllərində Beynəlxalq Geoloji Konqresdə  “Ağılla və çəkiclə ” ( latınca “Mente et malleo”) devizi yarandı.

Üstündən 100 ildən artıq vaxt ötsə də həmin deviz yenə də dünya geoloqları tərəfindən unudulmur. Hazırda geoloqlarin xidmətində  yüksək dəqiqliyə malik olan kosmik şəkillər,elektron mikroskoplar, ən müasir buruq dəzgahları, müxtəlif təyinatlı geofiziki aparatlar, kompüterlər vardır. Müasir geoloq bu əmək vasitələrini mükəmməl idarə etməlidir.

Lakin, “çəkic və agil”, “göz və ayaqlar” hələ də öz əhəmiyyətini itirməmişdir.

Ən qədim peşə geoloq sənətidir. Ümumiyyətlə, bəşər sivilizasiyası nədən başlanıb? O zamandan ki, insan bir çox daşların arasından  daş balta  hazırlamaq üçün məhz lazım olanı mineralı seçdi. Bu artıq geologiyanın əsası idi! Beləliklə, faydalı qazıntıların  qeyri mütəşəkkil, sənaye üsulundan çox-çox uzaq şəraitdə çıxarılmasına   lap qədim dövrlərdən başlanılmışdır. Sonralar mədənçilər gil və kömür çıxarmağa başladılar.

Böyük Coğrafi Kəşflər dövründən başlayaraq Yer kürəsininhərtərəfli öyrənilməsinə başlanıldı. İnsanlar gördükləri səhraların, dağların və s. geoloji obyektkərin necə yaranması  ilə maraqlanmağa və öz düşüncələrini elmi cəhətdən əsaslandırmağa çalışdılar. Elə həmin zamandan da faydalı qazıntıların harada ola biləcəyini, harada tapıla biləcəyini fərz edən “geoloq–mütəfəkkirlər” meydana gəldi...

Artıq bəllidir ki, geoloq sənəti dünyada ən qədim peşələrdəndir. Bu peşə ibtidai insan yerdən daşı qaldırıb ağac parçasına bağlayan zamandan başladı...Beləcə  ilk çəkic yarandı!

Geoloq həm də təbiətcə ekoloqdur . O heç zaman təbiətə ziyan vurmaz , o bütün canlılara qayğı ilə yanaşır. Çünki , bu onun peşə keyfiyyətlərindəndir.

Bu peşə cəsur, qərarlı və eyni zamanda romantik insanlarındır. O, çətin anlarında, ekstremal vəziyyətlərdə yanız iş yoldaşına güvənir.

Geoloqun işi yer səthindən, buruq quyularından,  dağ qazmalarından götürülmüş  süxurları və  onların laboratoriya tədqiqatlarını müqayisə etməklə başlayır. Geoloq tədqiqat apardığı  hər hansı bir rayonda hansı faydalı qazıntıların olmasını , onların necə yayılmasını və sənaye prespektivlərini bilməlidir.

Geoloq kəşfiyyatçı və cığırla ilk addımlayandır. O faydalı qazıntı yataqlarını aşkar edir və xəritəyə köçürür, öyrənilən rayonun sxemini, xəritəsini və diaqramlarını tərtib edir.

 

Müasir geologiyanın  çoxsaylı sahələri vardır, bunlardan;

- geofizika (yerin fiziki xüsusiyyətləri, qravitasiyası, elektromaqnit sahələri)

-       geokimya (yerin kimyəvi tərkibi)

-       minerologiya (sabit təbii birləşmələr və minerallar haqqında təlim)

-       stratiqrafiya (ardıcıl süxur laylanmaları haqqında)

-       tektonika (yer qabığının hərəkəti)

-       petroqrafiya (süxurlar haqqında təlim)  və  b. sahələri qeyd etmək olar.

Bununla da, romantik hadisələrlə zəngin, cəsur, etibarlı, peşəsinə və yoldaşlarına sadiq olan insanların sənəti – GEOLOQ sənəti barədə yığcam bir yazı təqdim etdim. Bu yazının  gənclərimizə peşə seçimində faydası ola bilərsə məmnun olaram.

 Ağamahmud  Səmədov