Görkəmli alim, böyük insan

     Azərbaycanın məşhur alim-geoloqlarından biri, Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru,  professor, Azərbaycan  Paleontologiya Cəmiyyətinin Prezidenti Tofiq Abdulla oğlu Həsənov artıq neçə illərdir ki, aramızda yoxdur. Lakin, vaxt ötdükcə bu görkəmli alimin, səmimi və təvazökar insanın unudulmaz xatirəsi zamanın şəffaf  dumanı içərisindən daha aydın görünməyə başlayır  və onu sevənlərin, yaxından tanıyanların , ünsiyyətdə olduğu insanların qəlbindəki yeri zaman-zaman böyüyür. Tofiq müəllimin fiziki yoxluğunu dərk etmək olduqca çətindir. Lakin , təsəlli odur ki,  bu böyük insanın gördüyü mühüm işlər, zəngin elmi irsi göz qabağındadır  və uzun illər boyu gərəkli olacaqdır.

Bizim ilk tanışlığımız ötən əsrin 70-ci illərinin ortalarına təsadüf  edir.

Qazaxıstan Respublikasında təyinatla işlədikdən sonra yenicə Azərbaycana qayıtmışdım və məni məşhur Filizçay kolçedan polimetal yatağına göndərmişdilər. O zaman keçmiş SSRİ-nin çox böyük ehtiyyatlara malik mis-polimetal yataqlarından biri olan Filizçayda geoloji-kəşfiyyat işlərinin tamamlanma mərhələsi idi.  Bu yataqda uzun illər boyu kəşfiyyat işlərinin  aparılmasına  baxmayaraq hələ də çözülməsinə kəskin ehtiyac duyulan bir sıra mübahisəli elmi problemlər  öz həllini gözləyirdi. Bunlardan ən vacibləri filizsaxlayan  qatın və ətraf süxurların geoloji yaşının təyinatı və yatağın genezisinin ( əmələ gəlməsinin )müəyyənləşdirilməsi idi...

O zamanlar bir qayda olaraq adətən yay aylarında Filizçaya Bakıdan, Moskvadan, Tiflisdən və keçmiş SSRİ-nin digər yerlərindən tədqiqatçı alimlər gələrdi. Elə həmin ərəfələrdə Tofiq müəllim də öz əməkdaşları ilə Filizçaya gəldi və az bir müddətdən sonra aramızda mehriban münasibət yarandı

70-80-ci illərdə biz birlikdə bir çox geoloji marşrutlarda – səfərlərdə olmuşuq. İş fəaliyyətim dövründə mənə bir çox geoloqlarla çalışmaq, əməkdaşlıq etmək nəsib olmuşdur. Onların içərisində adlı – sanlı , yüksək titullular da az olmamışdır. Etiraf edirəm ki, onlardan heç biri sadəlikdə , səmimiyyətdə və müşahidəçilikdə Tofiq müəllimə çatmamışdı. Tofiq müəllimlə səfərə çıxmaq necə də maraqlı və xoş idi! Geniş elmi zəkası və yüksək erudisiyası vardı onun! Bildiyini öyrətməyi əsirgəməzdi , zəhmətkeş, etibarlı və qayğıkeş yoldaş idi.

Böyük İsveç alimi Karl Linney yazırdı : “ Təbiətşunaslıqda həqiqətin əsası müşahidələrlə  təsdiq olunmalıdır ”. T. Həsənovun müşahidəçiliyi ayrıca  söhbət mövzusu ola bilərdi. Məhz bu xüsusiyyəti və titanik zəhməti sayəsində bir çox alimləri  uzun illər boyu düşündürən yuxarıda adını çəkdiyimiz problemlərin həllinə məhz Tofiq müəllim açar tapa bildi. Yəni Filizçayda yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşını ilk dəfə o təyin etdi.

Adətən hər hansı bir faydalı qazıntı yatağını öyrənən geoloq süxurları tədqiq etməklə ərazinin geoloji keçmişini bərpa etməli olur. Bu zaman o müxtəlif miqyaslı və çeşidli hadisələrlə rastlaşır və Goloji  Zaman problemi ilə üzləşməli olur. Həmin hadisələrin hansı dövrdə baş verdiyini ərazinin inkişaf tarixini bilməklə təyin etmək, canlandırmaq olar. Beləliklə, Filizçay yatağının yaranma tarixi barədə Tofiq müəllimin fikirləri elmi cəhətdən daha əsaslandırılmış olduğuna görə qəbul edilmişdi.

Görkəmli alim T.Həsənovun həyat yolu və elmi yaradıcılığı barədə tanınmış alimlər tərəfindən dəfələrlə yazılar verilməsi səbəbindən biz  bu böyük insan və görkəmli alimin çox insanlara örnək ola biləcək həyat yoluna qısaca ekskursiya etmək və bəzi məqamlar, xüsusən Böyük Qafqazın cənub yamacları ilə bağlı məsələlər üzərində dayanmaq istərdik...

O, 1921- ci ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açmışdı. 1937-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix  fakultəsinə daxil olsa dageologiyaya, təbiətşunaslığa olan tükənməz sevgisi 1938-ci ildən təhsilini Azərbaycan Sənaye İnstitutunungeoloji-kəşfiyyat fakultəsində davam etdirməsinə səbəb oldu.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq , o təhsilini davam etdirə bilmədi.

1948-ci ildə ali təhsilini bitirərək dağ-mühəndisi-geoloq ixtisası almışdır.

O, 1948-1951- ci illərdə Azərbaycan Neft Kəşfiyyatı Birliyinin geoloji – axtarış trestinin kəşfiyyat dəstələrində geoloq, baş geoloq və dəstə rəisi vəzifələrində çalışmışdır.

Sonra o, Azərbaycan  EA Geologiya İnstitunun aspiranturasına qəbul olunur və 1957- ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edir.

Tofiq müəllim elmi fəaliyyətinin əsas istiqamətini Yura çöküntülərinin paleontologiya  və stratiqrafiyası ilə bağlı tədqiqatlar müəyyən etmişdir.

Onun 1967-ci ildə müdafiə etdiyi “Kiçik Qafqazın şərq hissəsinin Yura çöküntüləri” adlı doktorluq disertasiyası buna sübutdur.

Ümumiyyətlə, planetimizin tarixində Yura dövrü ən maraqlı dövrlərdən hesab olunur. Həmin dövrdə bitki aləmində ekoloji və iqlim cəhətcə müəyyən diferensiasiya prosesləri baş verir . Bu dövr həm də dünyanın digər yerlərində dinozavrların geniş yayıldığı dövr idi. Azərbaycanın əraziləri o dövrdə dənizlə örtülü idi. Təxminən 150 milyon il əvvəl , Yura dövrü zamanı Tetis dənizində böyük qalınlıqlı terrigen çöküntülərin toplanması və sualtı vulkan püskürmələri baş verirdi. Azərbaycanın bir sıra strateji faydalı qazıntı yataqları məhz həmin dövrdə yaranmışdı.

T. Həsənovun rəhbərliyi ilə Azərbaycanın Yura çöküntülərinin müxtəlif sxemləri tərtib edilmiş, 90-cı illərdə isə Azərbaycan təkmilləşdirilmiş regional stratiqrafik sxemi hazırlanmışdı.

Azərbaycanda geologiya elminin populyarlaşdırılmasında Tofiq müəllimin xüsusi xidmətləri olmuşdu. Belə ki, o respublika “Bilik” cəmiyyətinin xətti ilə Azərbaycanın müxtəlif rayonlarında və həmçinin məktəblilər arasında geologiyaya həsr olunmuş mühazirələr oxuyardı. Elmi-kütləvi məcmuələrdə onun tez-tez məqalələri çap olunardı.

Ərazisində bir sıra zəngin faydalı qazıntı yataqları yerləşən Balakən rayonundakı məktəblərdə və Filizçay qəsəbəsində dinləyicilər qarşısında onun necə maraqlı, cəlbedici mühazirələr oxuduğunun şahidi olmuşuq.

Ötən əsrin 70-ci illərindən başlayaraq Tofiq müəllim tərəfindən aparılan tədqiqatlarda Böyük Qafqazın cənub yamacları əsas yer tuturdu.

Tofiq müəllimin 1980-1982-ci illərdə Böyük Qafqazda apardığı tədqiqatların mühümü Filizçay kolçedan-polimetal yatağının geoloji yaşını müəyyənləşdirmək idi. Bilavasitə filiz yerləşən qatlarda aparılan makro-mikropaleontoloji və palenoloji analizlərin nəticəsi tədqiqatçıya əsas verdiki, Filizçay yatağında Gec  və  Erkən  Plinsbax yaşlı lay dəstələri ayırsın.

T.Həsənov həmçinin dünya okeanlarında aparılan elmi tədqiqatların iştirakçısıdır. O, 1979-1980-ci illərdə Saxalin kompleks elmi-tədqiqat institutunun proqramı ilə Sakit okean və adalarda aparılan kompleks tədqiqatlarda iştirak etməyə cəlb olunmuşdu.

1982-ci ildə Azərbaycan EA “Elm” elmi tədqiqat gəmisində Amur çayı hövzəsində, Yapon və Şərqi-Çin dənizlərində Hind okeanında, Şri-lankada, Sinqapur və Xabarovsk şəhərləri ətrafında elmi-tədqiqat işləri aparmışdı.

T.Həsənov  gənc geoloq kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Müxtəlif dövrlərdə o, keçmiş Azərbaycan Dövlət Univeristetinin “Paleontologiya”, əvvəlki Azərbaycan Neft-Kimya institutunda “Ümumi, tarixi geologiya və hidrogeologiya” kafedrasında paleontologiya tarixi və SSRİ geologiyası fənlərindən mühazirələr oxumuşdur.

Azərbaycan EA Geologiya İnstitutunun “Mezozoyun regional stratiqrafiyası” laboratoriyasında çalışdığı müddətdə  yüksək səviyyəli alimlərin hazırlanmasında böyük  əməyi olmuşdur.

T.A.Həsənov Azərbaycanda 1956-cı  ildə təsis olan ilk Paleontologiya cəmiyyətinin yaradıcılarından biri olmuşdur. O, Azərbaycan Paleontologiya Cəmiyyəti yaranandan onun elmi katibi, 1990-cı ildən isə ömrünün sonunadək Prezidenti olmuşdur.

Tofiq müəllim, respublika və xarici ölkə elmi nəşrlərində çap edilmiş 8 monoqrafiyanın, 100-ə yaxın məqalənin, 25 elmi-tədqiqat işləri-hesabatlarının müəllifi olmuşdur.

Azərbaycan geoloji elminə əvəzsiz töhfələr vermiş, görkəmli alim, fədakar insan T.Həsənovun elmi irsi hələ uzun illər öyrəniləcəkdir.

Ağamahmud Səmədov