Minerallar...onları sadəcə daşlar da adlandırırlar
Daşlar aləminə qədəm basan insan sanki nəsə yeni bir şey kəşf etmiş olur. Sakini olduğumuz Yer planetinin təxminən beş milyard ( altı deyənlər də var, amma, əksər alimlər belə deyir) yaşı vardır. Lakin harada, nə qədər axtarsan da yaşı üç milyarddan qədim olan daşa təsadüf edə bilməzsən.
Bəs nə üçün? - Ona görə ki, daşlar da insan kimi yaşayır. Onlar da yaranır, inkişaf edir, müxtəlif dəyişmələrə məruz qalır və nəhayət ölürlər. Kainatın şiddətli soyuqları, günəşin "odlu nəfəsi", planetimizin dərin qatlarındakı dəhşətli təzyiqlər..., incə buz təbəqələrinin sərt qranitləri belə parçalaması, ozü ilə milyardlarla qum dənəciklərini daşıyan küləklər və hər şeyi özündə həll edən sular... Məhz təbii amillərin özü daşları yaradır və həm də vaxtı çatanda yox edir.
Bir neçə kəlmə kimyadan...
Bizi əhatə edən təbiət əsasən 78 dəyişilməz kimyəvi elementdən təşkil olunmuşdur. Onların qarşılıqlı əlaqəsindən bərk və maye maddələrin bircinsli təbii müxtəlifliyi yaranır ki, bunlar da mineral adlandırılır.
Hazırda onların sayı 4400-dür, lakin hər on ildə bir neçə yeni minerallar aşkar olunur. Bu qədər sayı olan mineralları təbii ki, sistemləsdirmək lazim gəlir. Məsələn: göyümtül daşları bir topaya, yaşılları digər topaya yığmaq olardı. Yaxud möhkəm daşları bir yerə, nisbətən yumşaqları isə digər yerə qoymaq olardı...
Uzun tarixi dövr boyu məhz belə də olmuşdur. Nəhayət ki, 2 elmin: kimya və kristalloqrafiyanın təşəkkül tapması nəticəsində mineralların müasir təsnifatı yarandı və əvvəlki bölgüyə son qoyuldu...
Bir qədər tarixdən...
Şüurlu insan təşəkkül tapan zamandan daşlar onu hər yerdə müşayiət etmişdir.
Obsidian (vulkan şüşəsi) və çaxmaq daşı daş dövründən ilkin olaraq insanların "iqtisadi münasibətləri" tarixində cox dəyərli əmtəə kimi rol oynamışdır. Hətta metallurgiyanın ixtirası da həmin mineralları uzun müddət sıxışdıra bilməmişdir. Tikintidə isə daşlar hər şeyin əzəlidir!
Sonralar insanlar süni daşlar - beton və kərpic də düşündülər. Əgər inşaat işləri "ədədi" qalmaq üçün görülürsə o zaman əksərən təbii qranit süxuru "köməyə gəlirdi".
Qədim misirlilərin yaratdıqları obelisklər artıq bu yolla bir neçə min ildir ki, göz oxşayır.
Bir az da mədəniyyətdən...
Hələ daş dövründən insanlar əhatəsində olduqları boz və “kirli” aləmi bəzəməyə çalışırdılar. Öz mağarasının divarlarını bəzəmək üçün qonşuluqda yerləşən dərədən götürülmüş boyadan (oxra və kaolin) indi də istifadə olunur. Yaşıl rəngli boya almaq üçün məxsusi minerallar (məs. malaxit) axtarıb tapmaq və onları üyütmək lazım gəlirdi. Göy rəng əldə etmək mürəkkəb idi. Bunun üçün azurit və lazurit minerallarını tapmaq lazım gəlirdi. Əgər 15-17-ci əsrlərdə yaradılmış rəsmlərə baxsaq orada səmanın yaşıl rəngdə təsvir olunduğunu görərik. Bəs nə üçün? Səbəb ondadır ki, onlar nisbətən tez tapılan ucuz azuritdən hazırlanmış boya ilə çəkilib, o da müəyyən zaman keçəndən sonra yaşıl malaxitə çevrilir...Lakin, Əfqanıstan dağlarından çixarılan lazurit isə qızıl qiymətinə alınırdı. Hazırda dünyamızın bir çox muzeylərinin bəzəyi olan nadir sənət nümunələri-rəsm əsərləri yaranan zaman məhz bu mineraldan istifadə olunmuşdur.
Ağamahmud Səmədov

