Yol polisi sərtləşdirilmiş xüsusi karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir

Yol polisi əməkdaşları ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət olunması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.

Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində, yollarında qurulan polis postlarında ciddi yoxlamalar aparılır. Müvəqqəti postlarda yol polisi ilə yanaşı, Post Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sürücülər saxlanılır və müvafiq sənədləri yoxlanılır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilərək, məsuliyyətə cəlb olunurlar.

Bundan başqa, postlardan keçən və içərisində sərnişinlər olan marşrut avtobusları da saxlanılaraq sərnişinlərin sənədləri yoxlanılır. Sərnişinlərin sırasında da xüsusi karantin rejim qaydalarını pozanlara rast gəlindikdə həmin sərnişinlər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülür.

Polis əməkdaşları fərdi evlərdən və mənzillərdən çıxışa yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verildiyini də vətəndaşlara izah edirlər.

Qeyd edək ki, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.

Xatırladaq ki, iyunun 21-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib. Bununla bağlı Baş Nazir Əli Əsədov iyunun 19-da Qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq edilir.