“Bu gün ən böyük problemimiz səriştəli, bacarıqlı müəllimlərimizin çox az olmasıdır” – MÜSAHİBƏ

 Niyazi Rəhimov: “ Təklif edirəm ki, təhsillə bağlı Beyin və Düşüncə Mərkəzi yaradılsın”

 

Niyazi Rəhimov uzun müddətdir ki, təhsil mediasında, pedaqoji mətbuatda çalışan araşdırmaçı jurnalistdir.  Təhsil Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzetinin əməkdaşıdır.  Fəaliyyəti boyunca təhsilimizin bu günü, problem və perspektivləri ilə bağlı bir çox araşdırma və təhlillərin müəllifi olub.

 

Yerveinsan.az AzEdu.az Niyazi Rəhimovla geniş müsahibəni təqdim edir:

 

-Uzun illərdir ki, təhsilimizdə gedən prosesləri izləyirsiniz. Tez-tez bu sahədə araşdırma, təhlil yazılarınıza rast gəlirik.  Bir jurnalist kimi Azərbaycan təhsilinin hazırkı vəziyyətini necə qiymətləndirirsiz? Ümumiyyətlə, təhsillə bağlı düşüncələrinizi bilmək maraqlı olardı...

- Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə təhsillə bağlı xeyli islahatlar həyata keçirilib. Bu illər ərzində normativ hüquqi baza yaradılıb.  Müasir infrastruktur və maddi-texniki baza formalaşdırılıb. Təhsilin idarəetməsi, bir sözlə təhsildə keyfiyyətin yaradılması istiqamətində xeyli işlər görülüb.  Son illər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları, eləcə də verilmiş xüsusi tapşırıq və tövsiyələr bir daha sübut edir ki, ölkəmizdə təhsilə, bu sahədə çalışanlara  xüsusi diqqət və qayğı var.

Məktəblilərin beynəlxalq fənn olimpiadalarındakı uğurları, xüsusu qayğıya ehtiyacı olan uşaqlara yaradılan şərait, məktəbəqədər təhsillə bağlı atılan addımlar, ali məktəblərimizin dünyanın müasir təhsil məkanına inteqrasiyası üçün qurulan beynəlxalq əlaqələri, ayrı-ayrı universitet və elm mərkəzləri ilə birgə icra olunan iki və çoxtərəfli beynəlxalq proqramlar, layihələr təqdirəlayiqdir.

Bundan başqa peşə təhsili müəssisələrinin inkişafını da xüsusi vurğulamaq istərdim. Ölkəmizdə peşə təhsilinin nüfuzunun yüksəldilməsi üçün zəruri işlər görülüb. Bu gün əgər ali məktəbi bitirən bir məzun peşə təhsilinə üz tutursa, deməli, bu, həmin təhsil müəssisələrinə inamın təzahürüdür.  Lakin etiraf edək ki, uğurlarla yanaşı təhsilimizdə hələ də həllini gözləyən vacib işlər də çoxdur.

-Məsələn, daha çox hansı problemləri görürsüz?

- Təhsildə keyfiyyətin yaradılması üçün təhsilin məzmunu, təlim-tərbiyə prosesinin düzgün qurulması, tədrisdə müasir üsul, vasitə və texnologiyaların, bir sözlə, mütərəqqi yanaşmaların tətbiqi çox vacibdir. 10 ildən artıq müddətdir ki, kurikulum sənədi qəbul edilib. Müəllimlərimiz kurikulumla bağlı təlimlərdən keçib. Lakin hələ də məktəblərimizdə müəllimlərimizin əksəriyyəti kurikulumun tələbləri ilə dərs keçə bilmir. Hətta yeni metodları bilən müəllimlərin əksəriyyəti bunu tədris prosesində tətbiq edə bilmir. Bütün bunları nəzərə alaraq məzmunla bağlı məsələlər daim müzakirə olunmalı və təhlil edilməlidir. Diqqəti təşkilatı məsələlərə deyil, daha çox təhsilin məzmununa yönəltməliyik. Təhsil müəssisələrinin üzərinə düşən öhdəlikləri, görülən işlərin nəticələrini geniş şəkildə təhlil etməli və bu təhlillərdən nəticə çıxarmalıyıq. 

-Necə düşünürsünüz? Bunun üçün hansı addımlar atılmasını istərdiniz?

-Təklif edərdim ki, təhsillə bağlı öncə geniş tərkibli, mükəmməl strukturdan ibarət Beyin və Düşüncə Mərkəzi yaradılsın. Bu mərkəz Təhsil Nazirliyinə tabe olmasın. Birbaşa Prezident yanında bir qurum kimi fəaliyyət göstərsin. Niyə belə düşünürəm. Onu da izah edim. Məncə düşünən beyinlər başqa olmalıdır, icra edənlər başqa. Fikrimcə, ən yaxşı pedaqoq alimlər, analitik düşüncəyə malik yeni təfəkkürlü təhsil adamları, məktəb rəhbəri işləmiş şəxslər, psixoloqlar, qabaqcıl rayon, kənd müəllimləri, təhsil jurnalistləri bu mərkəzdə cəmləşməsi yaxşı olardı. Düşüncəmə görə məktəbi, məktəbşünaslığı dərindən bilənlər yalnız mərkəzdə olmalıdır. Mərkəzdə təhsilin bütün pillələri, sahələri üzrə ixtisaslaşmalar aparılmalıdır. Təhsillə bağlı qərarlar, əmrlər burada geniş şəkildə müzakirə olunmalı, araşdırılmalı, təhlil edilməlidir. Həmin mərkəzin əməkdaşları vaxtaşırı bölgələrdə olmalı, yerli şəraitə uyğun vəziyyəti dəyərləndirməli, təhlil aparmalıdır. Hər hansı bir qərar verəndə bu məsələlər nəzərə alınmalıdır. Nazirliyin üzərinə düşən vəzifə isə Beyin Mərkəzinin verdiyi qərarları icra etmək və təhsil müəssisələrində icrasına nəzarət etmək olmalıdır.

Əslində Təhsil İnstitutu Sovetlər Birliyi dövründə təxminən mənim arzuladığıma bənzər şəkildə fəaliyyət göstərib. Amma gəlin etiraf edək ki, bu qurum müstəqillik illərindən sonra Beyin Mərkəzi, elmi-pedaqoji tətqiqat işini yerinə yetirən bir qurum kimi imicini itirib, fəaliyyətini daha çox fərqli istiqamətlərə dəyişib.  Təbii ki, bunun da müxtəlif səbəbləri var.

-Məsələn, bu Beyin Mərkəzi daha çox hansı məsələləri müzakirə etməli, araşdırmalıdır?

-Təhsilin A-sından tutmuş, Z-nə qədər bütün məsələləri...

Hər birimiz bilirik ki, bu gün məktəblərimizdə həm təlim, həm də tərbiyə məsələsində həllini gözləyən çox işlər var. Mənə görə tərbiyə ilə təlimə eyni ölçüdə yanaşmalıyıq. Zənnimcə, bizdə tərbiyə məsələsi biraz kölgədə qalır.  Gücü ancaq təlim nəticələrinə yönəldirik. Məktəblərimiz hesabat verərkən belə ancaq təlim nəticələri ilə bağlı rəqəmlər açıqlayır. Unutmamalıyıq ki, məktəb təkcə təlim deyil, həm də tərbiyə müəssisəsidir.

 -Elə gəlin biraz tərbiyə məsələsindən danışaq. Sizcə məktəblərimizdə tərbiyə işinin təşkili necə qurulub?

-Ümumitəhsil müəssisələrinin üzərinə düşən ən böyük vəzifə vətəndaş yetişdirməkdir. Baxaq görək biz məktəblərimizdə əsl vətəndaş yetişdirə bilirikmi? Ümumiyyətlə, əsl Azərbaycan vətəndaşı necə olmalıdır? Gəlin, öncə bu suala cavab tapaq.  Fikrimcə, əsl vətəndaş öz xalqının dilini bilməli, mənsub olduğu millətin, xalqın milli-mənəvi, ailə dəyərlərini qorumalı, hörmət etməlidir. Dövlətinin qanunlarını bilməli, bu qanunların aliliyini üstün tutmalıdır.  Vicdanlı, dürüst olmalıdır. Öz bilik və bacarığı ilə xalqına, dövlətinə xidmət etməlidir.  Azərbaycanın suverinliyi, azadlığı, istiqlaliyyəti uğrunda canından belə keçməyə hazır olmalıdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq vətəninin, dövlətinin, millətinin maraqlarını hər şeydən üstün tutmalıdır. Düzdür, bu siyahıya çox şeylər əlavə etmək olar. Amma düşünürəm ki, elə bu yazdıqlarımı təbliğ etsək də kifayət edir ki, yaxşı vətəndaş yetişdirək. Yaxşı baxaq görək biz bu sadaladıqlarımızı məktəbdə aşılaya bilirikmi? Əsl vətəndaş yetişdiririkmi?

Mən demirəm ki, sadaladığım keyfiyyətlər bizim məzunlarımızda yoxdur. Əlbəttə ki, var. Vətən uğrunda şəhid olan, canından keçənlər, düşmənlə sərhəddə üz-üzə duran əsgərlərimiz də məhz bizim məktəblərin məzunlarıdır. Şəhidlərimizn qarşısında hörmət və ehtiramla baş əyirəm. Lakin etiraf edək ki, sadaladıqlarım keyfiyyətləri özündə cəmləşdirməyən məzunlarımız da yetərincədir.  Məncə, biz bu məsələnin üstündə çox ciddi durmalı, diqqətimizi əsasən yaxşı tərbiyəli, vicdanlı vətəndaş yetişdirməyə yönəltməliyik.

-Sizcə əsl vətəndaş yetişdirmək üçün nələrdən başlamaq lazımdır?

-Yaxşı vətəndaş yetişdirmək üçün öncə məktəblərimizdə sağlam mühit formalaşmalıdır. Çunki sağlam mühitdə sağlam, hərtərəfli vətəndaş yetişdirmək olar. Məktəb rəhbəri, müəllim məktəbdə gərək özünü elə aparsın ki, şagirdlərə vətəndaşlıq nümunəsi nümayiş etdirsin. Öz ana dilində danışmayan, eqoları yüksək olan, özündənrazı, rüşvətə bulaşmış, riyakar  direktorlardan şagird hansı nümunəni götürə bilər. Yaxud da ki, yalan danışan, hədiyyə güdən, şagirdlər arasında ayrıseçkilik salan, direktora yaltaqlanan müəllimdən şagird hansı xarakterləri götürəcək? Sadaladıqlarımı hamıya şamil etmirəm. Bu haqsızlıq olar. Amma etiraf da edək ki, bu kimi hallara məktəblərimizdə rast gəlinir. Ona görə də öncə pedaqoji heyət dürüst, qanunlara riayət edən, vicdanlı vətəndaş olmalıdır ki, şagirdlər də onlardakı yüksək keyfiyyətli xarakterləri mənimsəsinlər. Bir sözlə, tərbiyə edən özü şəxsiyyət olmalıdır ki, yaxşı şəxsiyyət tərbiyə edə bilsin. Bundan sonra tərbiyə ilə bağlı digər məsələlərdən danışmaq olar.

-Maraqlıdır. Bəs, təlimlə bağlı nələr düşünürsüz?

-Bilirsiz, bunlar cox əhatəli suallardır. Tədris prosesinə mənfi təsir edən bir çox məsələlər var. Bu kimi məsələlər haqqında saatlarla danışmaq olar.  Bəlkə də çoxumuzun elə də diqqətimizi çəkməyən məsələlər var ki, biz onu önəmli hesab etmirik. Lakin həmin məsələni dərindən təhlil edəndə görürük ki, bu xırda dediyimiz məsələ birbaşa tədrisin keyfiyyətinə təsir edir. Məsələn, dərs saatının düzgün bölünməməsi, dərs cədvəlinin yanlış tərtibatı, belə tədris prosesinə birbaşa təsir edir. Haşiyədən kənara çıxmadan bir misal gətirmək istəyirəm. Araşdırmalarım zamanı elə müəllimə rast gəlmişdim ki, gün ərzində 5 dəqiqəlik tənəffüslə 8-9 saat dərs deyir. İndi düşünün, bu müəllim 9 saat dərsi hansı keyfiyyətdə tədris edə bilər?!

Sizi yormaq istəmirəm. Daha çox əsas səbəblərə diqqət yönəltməyin vacib olduğunu düşünürəm. Bu gün əsas səbəblərdən biri, bəlkə də başlıcası pedaqoji kadrların çoxunun istənilən elmi, metodiki hazırlıq səviyyəsində olmaması, yenilikləri tətbiq edə bilməməsi, müasir təlim texnologiyalarından istifadə etmək bacarığına malik olmamasıdır. Sadaladıqlarım təkcə müəllimlərə deyil, həm də məktəb rəhbərlərinə aiddir.

Bundan başqa yüksək səviyyədə olan müəllimlərin də bir çoxunun enerjisini məktəbə deyil, repetitorluğa sərf etməsidir. Məktəbin sütunu müəllimlərdir. Hansı məktəbin müəllimləri güclü olursa həmin məktəbdə təlim nəticələri də yüksək olur. Bu gün bizim ən böyük problemimiz səriştəli, bacarıqlı müəllimlərimizin çox az olmasıdır.

-Müəllimlərin peşəkarlıq səviyyəsindən söz açırsız. Hansı tədbirləri görməklə pedaqoji kadrların səviyyəsini artırmaq olar? Bu haqda düşüncələrinizi bilmək maraqlı olardı.

-Müəllim əgər öz üzərində çalışarsa, istəyi olarsa bilik və bacarığını artıra bilər. Problem odur ki, təhsil idarəetmə orqanlarının əməkdaşları, məktəb rəhbərləri, direktor müavinləri bu kimi məsələlərə diqqət etmirlər. Dərs dinləmələrində iştirak etmirlər. Siniflər, müəllimlər üzrə təhlillər aparmırlar. Müəllimlər üzərində nəzarət yalnız lazımsız, müəllimin vaxtını aparan boş-boş sənədləşmə işlərinə yönəlir.

Keçək digər məsələyə. Məktəblərdə mövcud olan metodikbirləşmə rəhbərlərinin işi də formal xarakter daşıyır. Yeniliklərdən xəbəri olmayan, müasir təlim texnologiyalarının nə olduğunu bilməyən müəllimlərlə birləşmə rəhbərləri işləmir. Həmin müəllimlərin fəaliyyəti Pedaqoji Şurada müzakirəyə çıxarılmır. Bundan başqa rayon, şəhər səviyyəsində metodiki işin təşkili məsələsinə ciddi yanaşılmır. Nəticədə müəllimlərdə bir arxayınlıq yaranır.  

-Metodiki işdən söz düşmüşkən bu məsələ də həmişə müzakirə olunur. Sizcə metodiki işin təşkilini necə qurmaq lazımdır?

-Bunun üçün sistemli iş aparılmalıdır. Peşəkar, yenilikçi müəllimləri bu işə cəlb etmək daha məqsədəuyğun olar. Nətcələr təhlil edilməlidir. Məsələn, bir neçə il bundan qabaq paytaxtda Təlimə Dəstək Mərkəzi yaradıldı. Bu çox gözəl təşəbbüs idi. Amma baxaq görək nə dəyişdi. Gəlin görək bu mərkəz 3-4 il bundan qabaqkı nəticələrdən nə ilə fərqlənib? Müəllimlərin bilik və bacarıqlarının artırılmasında hansı rolu oynayıb? Əsaslı dönüş yarada bilibmi? Axı bu mərkəzin üzərinə düşən vəzifə müəllimlərin bilik və bacarıq səviyyəsini artırmaqdır.

Rayonlardakı metodik kabinetlərin vəziyyəti isə lap acınacaqlıdır. Dərindən araşdıranda görərsiniz ki, elə metodik kabinet işçisi, əməkdaşı var ki, Diaqnostik Qiymətləndirmədə 20-25 bal toplayıb. Baxın bu əməkdaş hansı bilik və bacarığı ilə müəllimə metodiki dəstək verəcək. Yeri gəlmişkən bir məsələni də qeyd edim. Metodik kabinet işçilərinin əmək haqqıları çox aşağıdır. Onlar həmçinin dərs demək hüququndan da məhrum olublar. Burda da bir sual da ortaya çıxır. Tədris prosesinin içində olmayan metodist müəllimə necə istiqamət verə bilər? Məncə istər paytaxtda, istərsə də regionlarda ən yaxşı müəllimləri seçib onlardan metodist kimi istifadə etmək lazımdır. Onlara həm səlahiyyət vermək, həm də həmin metodistlərdən nəticə tələb etmək lazımdır. Sadaladıqlarım tədbirlər görülərsə müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq olar. Bir məsələni də xüsusilə qeyd edim ki, müəllimlərin sertifikasiyası onların peşəkarlıq səviyyəsinin artmasına təkan verəcək.

-Gəlin, biraz da ali təhsil müəssisələrindən danışaq.

-Ali təhsil müəssisələrimizdə son illər xeyli işlər görülüb.  Universitetlərimizin əksəriyyətində şəffaf mühit yaradılıb. Beynəlxalq səviyyədə imici yüksələn ADA, UNEC, BDU, ADNSU, BMU və digər universitetlərimiz var. “SABAH” qruplarını xüsusilə vurğulamaq istəyirəm. Dual diplom, tələbə mübadilələri, beynəlxalq əlaqələr, bir çox proqramların icrası ali təhsil müəssisələrimizin xaricdə tanınmasına, inkişafına töhvə verir. Son illər ali təhsil müəssisələrimizdə çalışan professor-müəllim heyətinin çoxlu sayda elmi məqalələri nüfuzlu elmi jurnallarda çap olunur. Bu, çox sevindirici haldır. Lakin bütün bunlarla yanaşı etiraf edək ki, universitetlərimizində qarşısında hələ də həll olunmalı bir çox məsələlər var. Məsələn,  ali məktəblərimizdə elmi-tətqiqat işləri bir o qədər də ürəkaçan deyil. Hələ də universitetlərimiz elmi potensiallarına, tətqiqat işlərinə görə gəlir əldə edə bilmirlər. Bu gün bütün dünyada geniş yayılan distant təhsilə biz hələ də tam keçə bilmirik. Pandemiya dövründə bunun bir daha şahidi olduq.

Ali məktəb dərslikləri isə ən böyük problemlərimizdəndir. Universitetlərimizin bir çoxunda hələ də köhnə ədəbiyyatlardan istifadə olunur. Hansı ki, dünyada elə sahələr var ki, bu sahələr üzrə hər il yeni dərslik yazılır. Ötənilki dərslik həmin universitetlərdə artıq köhnə hesab edilir. Çunki elm sürətlə inkişaf edir. Məncə biz bu kimi məsələlərdə çox geri qalırıq.

Ali məktəblərin tədris proqramlarında da uyğunsuzluqlar var. Elə ixtisaslar var ki, burada orta məktəb proqramı ilə ali məktəb proqramı arasında bir əlaqə olmalıdır. Yəni ali məktəbdə bu proqramın davamı olaraq daha mükəmməl, daha ətraflı biliklər əldə edilməlidir. Bu məsələ ali təhsilin bakalavr pilləsindən magist pilləsinə keçiddə də davam etməli, bir tandem təşkil etməlidir. Buda çox ciddi və dərindən düşünməli olduğumuz məsələdir.

 -Pedaqoji mətbuatla bağlı fikirlərinizi də bilmək maraqlı olardı. Bu gün pedaqoji mətbuatı vəziyyətindən razısınızmı?

- Pedaqoji mətbuatla bağlı son illər atılan ən mühüm addımlardan biri elmi-pedaqoji jurnalların-“Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil” və digər jurnalların dərcidir. Bundan başqa təhsillə bağlı bir sıra sayt və portalların fəaliyyətini də yüksək qiymətləndirirəm.

Lakin bu gün pedaqoji mətbuatda, saytlarda daha çox rəsmi məlumat, informasiya və reportajlara rast gəlirik. Araşdırma, təhlili yazıları demək olar ki, çox nadir hallarda görürük. Məncə jurnalistika təkcə informasiya vermək, reportaj hazırlamaqdan ibarət deyil. Araşdırma, təhlili yazılara daha çox üstünlük vermək lazımdır. Düşünürəm ki, ölkəyə ən azından 5-10 nəfər təhsillə bağlı araşdırmaçı, analitik düşüncəsi olan jurnalistlər lazımdır. Bu jurnalistlərə Təhsil Nazirliyi və təhsil müəssisələri şərait yaratmalıdır. Hər hansı bir rəsmi rəqəmləri onlara təqdim etməkdən çəkinməməlidir. Belə olarsa təhsil sahəsində həyata keçirilən işlər, problemlər ictimaiyyətə daha aydın şəkildə çatdırıla bilər.

Digər bir məsələ müəllimlərin pedaqoji mətbuata marağının az olmasıdır. Məsələn, bizim qəzetin hər nömrəsində metodiki yazılar, dərs nümunələri dərc olunur. Səmimi deyirəm ki, bu yazılar müəllimlər üçün çox faydalıdır. Lakin əfsuslar olsun ki, müəllimlər bu yazıları oxumur.

Müəllif yazıları məsələsi də bu gün bizim yaralı yerimizdir. Müəllimlər öz pedaqoji düşüncələrini, metodikalrını yazmaqda maraqlı deyillər. Səmimi deyim ki, biz həmişə bu yazıların dərc olunmasına maraqlıyıq.