Mülki Aviasiya Agentliyi mülki PUA-lardan istifadə edən qurum və şirkətlərə müraciət edib

Dövlət Mülki Aviasiya Agentliyi mülki pilotsuz uçuş aparatların (PUA) idxalına xüsusi icazə verilmiş və dövlət qeydiyyatına alınmış qurum və şirkətlərə hərbi vəziyyətdən irəli gələn tələblərlə bağlı müraciət edib.

Agentlikdən  bildirilib ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu və bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq Prezident İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli Fərman imzalayıb. Dövlət Mülki Aviasiya Agentliyi sözügedən Fərmandan irəli gələn tələblərin yerinə yetirilməsini, habelə hazırkı vəziyyətdə dövlət mənafelərini rəhbər tutaraq mülki pilotsuz uçuş aparatlardan istifadə ilə bağlı yerinə yetirilməli olan tədbirləri açıqlayıb:

- dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və əsas etibarilə Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda PUA-lardan istifadə müvəqqəti olaraq dayandırılsın;

- PUA-larla bağlı müvafiq məlumatların dəqiqləşdirilməsi üçün istifadədə olan PUA-lar haqqında məlumatlar (sayı, markası, xüsusiyyətləri) yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına təqdim olunsun;

- fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə zəruri PUA uçuşları barədə məlumat vermək və icazə almaq üçün mütləq şəkildə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə əlaqə saxlanılsın (məsul əməkdaş – Ramiz Bəşirov, mobil telefon: 070 961 09 61).

Bildirilir ki, hərbi vəziyyət dövründə mülki PUA-lardan istifadə Milli Ordumuz tərəfindən aparılan uğurlu əməliyyatlara müəyyən maneələr törədə bilər. Məlumatsız və icazəsiz hər hansı PUA-dan istifadə bu aparatın “naməlum uçuş aparatı” kimi qiymətləndirilməsinə və məhv edilməsinə səbəb ola bilər.