Qələbə soraqlı nida!

Nöqtəni təşvişə saldı,

Biçarə rəqib mat qaldı,

Ondan qisasını aldı,

Qələbə soraqlı nida!

 

Özünü vaxtlı yetirdi,

Mövzunu qəti bitirdi,

Qəlbə rahatlıq gətirdi,

Qələbə soraqlı nida!

 

Mükəmməl nitqə rəng qatdı,

Yağıların səsi batdı,

Uğurla məqsədə çatdı,

Qələbə soraqlı nida!

 

O, məlhəm oldu illətə,

Düşməni saldı zillətə,

Böyük rüh verdi millətə,

Qələbə soraqlı nida!

 

Heyrətləndirdi hər kəsi,

Dünyanı bürüdü səsi,

Pozacaqdır atəşkəsi,

Qələbə soraqlı nida!

 

Fuad İslamoğlu

04.10.2019

 

  Şəhidlərin xatirinə...

 

İgidlər   yerindən   dursun,

Düşmənə zərbələr vursun,

Qarabağda  çadır qursun,

Şəhidlərin xatirinə.....

                 ****

Zamanı verməyək yelə,

Hamımız  verək  əl-ələ,

Sahib çıxaq doğma elə,

Şəhidlərin xatirinə.....

                  ****

Qoymayaq  qan yerdə  qalsın,

Düşmənlər bundan zövq alsın,

Ordumuz       qələbə      çalsın,

Şəhidlərin xatirinə.....

                   ****

Sonraya qalmasın qisas,

Budur, ən vacib, ən əsas,

Düşmənlərə qurduraq yas,

Şəhidlərin xatirinə.....

                    ****

Səbir olur müvəqqəti,

Artıq mövqeyimiz, qəti,

Bitirək     bu    məşəqqəti,

Şəhidlərin xatirinə.....

 

Fuad İslamoğlu

 27.09.2020

 

 

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Sinəmə çəkilib dağ Qarabağda,

Aran Qarabağda, dağ Qarabağda,

Qalmasın zəbt olmuş dağ Qarabağda,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Uzun müddət yurd işğalda qalıbdır,

Arsız düşmən elimdə kök salıbdır,

Bu haqsızlıq səbri əldən alıbdır,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Yağı çaş-baş qalıb, yolu tam azır,

Quyusunu bir az da dərin qazır,

Ər oğullar cəbhədə tarix yazır,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Ali Baş Komandanın qətiyyəti,

Millətimin, xalqımın həmiyyəti,

Otuzdurdu yerinə bədniyyəti,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Açıldı buz bağlamış işin donu,

Budur, artıq çatıb düşmənin sonu,

Axıradək qovacayıq biz onu,

Artıq Vətənə dönməyin vaxtıdır!

Fuad İslamoğlu

07.10.2020