Ürəyin şeir yükü

 Şeir, həyatın insan oğluna Tanrının bəxş etdiyi zaman boyunca ötüb keçən ömrün özüdür. Şair ömrü həmişə təlatümlü, narahatlıqlarla doludur. Fuad İslamoğlu da özünə bu yolu seçib. İndiyədək işıq üzü görən “Təmizlik”, “Yaşamalı dünyadı”, “Bu səs sənin səsindirmi”, “Qartal səmada tək uçur” adlı kitablarında onun forma və məzmunu bir-birini yüksək səviyyədə tamamlayan gözəl şeir nümunələri toplanıb. Bu şeirlərdə Qarabağ həsrəti, Şuşa nisgili, min bir sərvətli Kəlbəcərin yoxluğundan doğan acı duyulur və bu ağrı-acı şairin ruhundan qopan özünəxas yeni bir səslə oxucuya təqdim olunur.

 Ömrünün 74-cü baharını yaşayan istedadlı, iti qələm sahibi olan şairin şeirləri öz mayasını, dadını-duzunu görkəmli el sənətkarlarının söz-sənət çeşməsindən alıbdır. Onları oxuduqca xəyal insanı lap uzaqlara – işğal altında olan qədim Oğuz ellərinə aparır...

 Özünəməxsus deyim tərzi, müşahidə qabiliyyəti olan Fuad İslamoğlunun yaradacılığı geniş, əhatəlidir. O, xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini-kədərini, ictimai dərdini çox böyük ustalıqla, sənətkarlıqla  öz şeirlərində əks etdirir. Onun şeirlərində Azərbaycan təbiəti, onun atlas geyimli dağları, düzləri, gölləri, dupduru bulaqları, yaşıl yaylaqları öz əksini tapmışdır. Fuad İslamoğlunun əxlaqi cəhətdən çox böyük əhəmiyyətə malik olan didaktik, tərbiyəvi şeirləri, şeirlərdəki aforistik ifadələr şairin yaradıcılığında qırmızı xətt kimi uzanır.

 Bir sözlə, o, dövrlə, zamanla ayaqlaşan poeziya yaratmaq üçün layiqli övlad məhəbbəti, fədai əməyi, mətanəti ilə Vətənin – Azərbaycanın xidmətində durmağı, xalqın, ata yurdun tarixini yaşatmağı özünə mənəvi borc bilir. 

 Fuad İslamoğlunun ömür yolu maraqlıdır. Böyük Vətən müharibəsi iştirakçısı olan və müxtəlif orden, medallarla təltif olunmuş atası tarixi qələbəmizdən sonra bir hərbiçi kimi xidmətini davam etdirmək üçün Dağıstana göndərilmiş, bir müddət orada qulluq keçmişdir. Fuadın dünyaya gəlməsi xəbərini də burada eşitmişdir.

 Fuad bir yaşında olanda ailəlikcə Azərbaycanın Samux rayonuna köçmüşlər. Ədəbiyyata, şeirə böyük maraq göstərən Fuad həmişə öz istedadı ilə şagird yoldaşlarından fərqlənmişdir. Məktəbin divar qəzetində onun kiçik şeirlərinə ayrıca yer ayrılmışdır. Sevimli şagirdi Fuadın şeirə, poeziyaya sonsuz həvəsi ədəbiyyat müəllimi Şamilin diqqətindən yayınmamış, yaradıcılığını genişləndirmək üçün ona həmişə dəyərli tövsiyələr vermişdir.

 Neft-Kimya Akademiyasının məzunu olan Fuad İslamloğlu ayrı-ayrı illərdə rəhbər vəzifələrdə çalışmış, müxtəlif mükafatlara layiq görülmüşdür. Şairin kitablarındakı şeirlər insanın qəlbinə yol açır, ona rahatlıq gətirir. Belə şeirlərdən birinə diqqət yetirək :

                                Mayam təmiz, halallıqla yoğruldum

                                Nə oldu ki, öz içimdə qovruldum?

                                Dağı gəzdim, düz yoldaca yoruldum,

                                Düz əməllər, düz əqidə yorğunu,

                                Mən olmuşam gözəlliklər vurğunu.

                                                        ***

                                Daxili aləmi gözəl insanlar,

                                Sözləriylə əməli bir olanlar,

                                Xalqına, yurduna sadiq qalanlar,

                                Olmayırlar heç vaxt vicdan yorğunu,

                                Fuad belə insanların vurğunu.

 Onu əhatə edən hər şeyə sevgi, sayğı ilə yanaşan şair Fuad İslamoğlunun “Qartal səmada tək uçur” kitabına daxil etdiyi vətənpərvərlik ruhunda yazılmış şeirlər hamını müstəqil bir dövlət üçün əlindən gələni əsirgəməməyə çağırır.

 Şairin “Mən kiməm bəxt yazam” ,“Şair yükü ağır olur”, “Heç kəs poza bilmədi”, “Bu yolun yolçusuyam” və digər şeirləri də oxunaqlılığı ilə diqqəti cəlb edir.

                                Fərq qoymadım nə doğmaya, nə yada?

                                Hər kəs üçün atdım özümü oda,

                                Bu minvalla ömrümü verdim bada,

                                Kim tutub duracaq ki, bu dünyanı?

 Fuad İslamoğlunun qələmə aldığı şeirləri xalq yaradıcılığından qaynaqlanıb, onun yaradıcılığında geniş yer tutan təbiət,vətənpərvərlik , məhəbbət, insan gözəlliyi və s. qələm sahibinin ilham mənbəyidir. Mövzusundan asılı olmayaraq deməyə sözü var və bu sözü ən uyğun bir biçimdə deməyi bacarır.

 Fuad İslamoğlu hazırda 5-ci kitabını nəşrə hazırlayır. O, daim axtarışdadır. Bilir ki, şair olmaq üçün çox oxumaq, çox yazmaq lazımdır. Təkcə yazmır, ana yurdun bu və digər qayğıları ilə yaşayır, xalqının gələcək taleyinin təəssübkeşidir. Kim bilir, bəlkə onun poeziyaya bağlılığının bir səbəbi də budur... Fikirlərini, düşüncələrini şeirin ecazkar dili ilə söyləməklə sanki rahatlıq tapır. Deyir ki, şair olmaq asan deyil, bu yuxusuz gecələr, ümid paylaşmaq, çayların axarını, dağların baxarını sevmək, insanı varından yox edən gerçək şeirlər yazmağı bacarmaqdır. Çətindir, amma gözəldir. Təbii ki, əgər oxucu könlünün sarı siminə toxuna, ruhunu tərpədə bilir, onu düşündürürsənsə....

 Boş vaxtlarda həyat yoldaşı, söz-sənət vurğunu Nişanə xanım, nəvələri Ləman, Aydan, Gülüzar, Fuad, Sərxan, Nihal, Fatimə, Muradla birlikdə mavi Xəzərin nəğməli sahillərinə çıxır, təbiətin gözəlliyini seyr edir. Belə gözəl anlar, Xəzərin gözəlliyi, romantikası yeni-yeni şeirlərə vəsilə olur.

  Gözəl zamanədə yaşadığımızı, ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən şair Vətənini tərənnüm edir, bu günümüzün uğurlarına sevinir, sabahımıza inamla baxır.

 Yaradıcılığında vətənpərvərlik şeirləri üstünlük təşkil edən Fuad İslamoğlu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəbhədə qəhrəmanlıq salnaməsi yaradan hərbiçilərimizdə olan böyük ruh yüksəkliyini daha da artıran şeirləri ilə bir ziyalı, şair kimi bu istiqamətdə də uğurlarımıza özünəməxsus tərzdə töhfələr verməkdədir. Həmin şeirlərdən bir neçəsini təqdim edirik.

     

 Qələbə soraqlı nida!

 

Nöqtəni təşvişə saldı,

Biçarə rəqib mat qaldı,

Ondan qisasını aldı,

Qələbə soraqlı nida!

 

Özünü vaxtlı yetirdi,

Mövzunu qəti bitirdi,

Qəlbə rahatlıq gətirdi,

Qələbə soraqlı nida!

 

Mükəmməl nitqə rəng qatdı,

Yağıların səsi batdı,

Uğurla məqsədə çatdı,

Qələbə soraqlı nida!

 

O, məlhəm oldu illətə,

Düşməni saldı zillətə,

Böyük rüh verdi millətə,

Qələbə soraqlı nida!

 

Heyrətləndirdi hər kəsi,

Dünyanı bürüdü səsi,

Pozacaqdır atəşkəsi,

Qələbə soraqlı nida!

 

Фуад İslamоğlu

                                        04.10.2019

 

  Şəhidlərin xatirinə...

 

İgidlər   yerindən   dursun,

Düşmənə zərbələr vursun,

Qarabağda  çadır qursun,

Şəhidlərin xatirinə.....

                 ****

Zamanı verməyək yelə,

Hamımız  verək  əl-ələ,

Sahib çıxaq doğma elə,

Şəhidlərin xatirinə.....

                  ****

Qoymayaq  qan yerdə  qalsın,

Düşmənlər bundan zövq alsın,

Ordumuz       qələbə      çalsın,

Şəhidlərin xatirinə.....

                   ****

Sonraya qalmasın qisas,

Budur, ən vacib, ən əsas,

Düşmənlərə qurduraq yas,

Şəhidlərin xatirinə.....

                    ****

Səbir olur müvəqqəti,

Artıq mövqeyimiz, qəti,

Bitirək     bu    məşəqqəti,

Şəhidlərin xatirinə.....

 

Fuad İslamoğlu

                                                                                                              27.09.2020

 

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Sinəmə çəkilib dağ Qarabağda,

Aran Qarabağda, dağ Qarabağda,

Qalmasın zəbt olmuş dağ Qarabağda,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Uzun müddət yurd işğalda qalıbdır,

Arsız düşmən elimdə kök salıbdır,

Bu haqsızlıq səbri əldən alıbdır,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Yağı çaş-baş qalıb, yolu tam azır,

Quyusunu bir az da dərin qazır,

Ər oğullar cəbhədə tarix yazır,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Ali Baş Komandanın qətiyyəti,

Millətimin, ordumun həmiyyəti,

Otuzdurdu yerinə bədniyyəti,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Açıldı buz bağlamış işin donu,

Budur, artıq çatıb düşmənin sonu,

Axıradək qovacayıq biz onu,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

Fuad İslamoğlu

07.10.2020

 

Qarabağ Azərbaycandır!

 

Allah bu “iş”i tez bitir,

Qələbə sevinci gətir,

Ayrılığı sona yetir,

Biri ruh, digəri candır,

Qarabağ Azərbaycandır!

 

Açılsın düyünün bağı,

Rədd olsun yurdumdan yağı,

Geri alaq Qarabağı,

Biri ruh, digəri candır,

Qarabağ Azərbaycandır!

 

Xalq dəstəkləyir İlhamı,

Bir olub bütün el, hamı,

Birlikdir verən ilhamı,

Biri ruh, digəri candır,

Qarabağ Azərbaycandır!

 

Arsız düşmənə ar olsun,

Tanrı haqlıya yar olsun,

Deyən diliniz var olsun,

“Qarabağ Azərbaycandır!”

Biri ruh, digəri candır.

 

Dəyişir dövrani-gərdiş,

Çünki “iş”imiz düz bir “iş”,

Ağızlarda olsun vərdiş,

Biri ruh, digəri candır,

Qarabağ Azərbaycandır!

 

Hamı səs versin haqq səsə,

Qoymayaq ki, bu səs kəsə,

Bəyan eyləyək hər kəsə,

Biri ruh, digəri candır,

Qarabağ Azərbaycandır!

            Fuad İslamoğlu