Karantin rejimi qaydalarını pozan 2646 nəfər barədə inzibati tənbeh tədbiri tətbiq olunub

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, sərt karantin rejiminin tətbiq olunduğu 5 şəhərin və 12 rayonun giriş-çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 16-da həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1607 nəqliyyat vasitəsi müəyyənləşdirilərək geri qaytarılıb. Eləcə də həmin tarixdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin olunması və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də nazirlik vətəndaşlardan bir daha tətbiq olunan izolyasiya tədbirlərinə ciddi riayət etmələrini, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını xahiş edir.