BALAKƏN ƏHVALATLARI

AĞAMAHMUD SƏMƏDOV, “Azeri Mining Group” MMC-nin əməkdaşı

Böyük Qafqazın Azərbaycan hissəsinin Cənub yamaclarında faydalı
qazıntıların aşkar olunmasına və öyrənilməsinə təmənnasız əmək sərf etmiş və indi artıq həyatda olmayan geoloqlarımızın parlaq xatirəsinə

Azərbaycan geoloqlarının fədakar əməyi sayəsində əvvəllər mis-polimetal filizləri yataqlarının aşkarlan­masına perspektivsiz sayılan Cənub yamaclarında 1958-ci ildə böyük sənaye əhəmiyyəti kəsb edən Filizçay yatağı, onun ardınca orta miqyaslı Kasdağ və Katex yataqlarının aşkarlanması ilə bu regionda geoloji kəşfiyyat işləri geniş vüsət almışdı. Bir müddət sonra Azərbaycanın Balakən inzibati rayonunda Azərbaycan Geologiya İdarəsinin iri həcmli Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyası yaradıldı. İl ərzində stasionar fəaliyyət göstərən ekspedisiyada gərgin iş gedirdi. Məlum yataqlarda kəşfiyyat işləri aparılır, filiz təzahürlərində və perspektivli sahələrdə aparılan axtarış və qiymətləndirmə işləri səngimək bilmirdi. Təbii ki, əldən-ayaqdan uzaq çöl partiyalarında heç də hər zaman hər şey rəvan olmurdu. Bəzən buruq quyularında texniki qəza vəziyyəti yaranır, dağ süxurlarının milyon illər ərzində yaranmış təbii müvazinatı yeraltı qazmalarında pozulanda arabir uçmalar baş verir, sürüşmələr və qar uçqunları zamanı gediş-gəliş yolları bağlanır, çaylarda tez-tez baş verən sellər nəqliyyatın hərəkətinə ciddi maneçilik törədir və işin aparılmasını ləngidirdi; bu zaman ərzaq təchizatında da problemlər yaranırdı. Belə məqamlarda bir çox geoloq­larda olan təbii yumor hissi kara gəlirdi...

Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında uzun illər boyu geoloq, böyük geoloq, dəstə və partiya rəisi vəzifələrində işləyən Vəzir Ramazan oğlu Baloğlanovun bizdən əbədi ayrılmasından 26 il ötür. Lakin, o təbiətən hazırcavab və incə yumor hissi olan bir insan kimi qalıb yaddaşlarda. Gündəlik rastlaşdığımız hər hansı bir maraqlı hadisəni o elə məharətlə, elə yumor­la nəql edərdi ki, hətta ən qaraqabaq adamın belə üzü gülərdi. Burada haşiyə çıxaraq onu da deyim ki, görkəmli kino aktyoru, xalq artisti Rasim Balayev Vəzir müəllimin əmisi oğlu idi.
Heyif ki, Vəzir müəllim bu günahkar dünyamızdan tez-cəmi 59 yaşında köçdü. İndinin özündə də yaşlı nəslin geoloqları bir yerdə olan zaman bu nəcib insanı ehtiramla yada salır, onun aforizmə çevrilmiş bəzi deyim­lərini xatırlayarlar...
...On günlərlə, bəzən hətta işin vəziyyətindən və hava şəraitindən asılı olaraq aylarla doğma və əzizlərindən uzaq düşən geoloqların gündəlik həyatında, məişətində maraqlı, yaddaqalan məqamlar tez-tez baş verərdi.
Gəlin birlikdə Vəzir müəllimlə və digər geoloqlarla bağlı olan bu əhvalatlardan bir neçəsini yada salaq.

Toyuqların sahibinə “vəfasızlığı”
90-cı illərin əvvəlləriydi. Vəzir müəllim ekspedisiyadakı mənzilində tək yaşayırdı (Həyat yoldaşı 5-6 il əvvəl dünyasını dəyişmişdi). Övladları isə Bakıda təhsil aldıqdan sonra paytaxtda qalmışdılar. Tək yaşamasına baxmayaraq Vəzir müəllimin evi çox vaxt qonaqlı-qaralı olardı. Geoloq dostları, onu hər zaman yad edərdilər. Vəzir müəllim köhnə ailə ənənəsini davam etdirərək həyətdə xeyli toyuq-cücə saxlayırdı. Bəzən uşaqları və yaxınlar “niyə özünü incidirsən” deyə irad tutanda “mən bu həyətin nizamını poza bilmərəm, burada həmişə toyuq-cücə olub, onda gərək mən buradan köçəm” deyərdi. Bir dəfə o, 5-6 günlüyə uşaqlarına dəyməkdən ötəri Bakıya getmək qərarına gəldi. Gedəndə qonşu və yaxın adam kimi toyuqları mənə tapşırdı. Hər gün bir neçə dəfə mən onun evinin eyvanındakı yekə, köhnə qazandan dən götürər və toyuqlara səpərdim. Səhər hinin qapısını açar, axşam isə bağlayardım. Toyuqlar mənə elə alışmışdılar ki, evin yanından ötüb işə gedib-gələndə məni qaqıltı ilə xeyli müşayət edərdilər. Vəzir müəllim Bakıdan ekspe­disiyaya qayıdanda artıq dən xeyli azalmışdı, hətta qurtarmaq üzrə idi. Aradan bir-iki gün ötəndən sonra birlikdə çay içən zaman Vəzir müəllim “balam toyuq­lar məni daha saya salmırlar, qaqqa-qaq oxuya-oxuya yanımdan o yana keçirlər-bu yana keçirlər.” Anladım ki, söhbət nədən gedir. Görünür təcrübəsizlikdən dəni çox atmışammış toyuqlara.
Dedim “Ay Vəzir müəllim, toyuqlar sənin, dən sənin, səpib savab qazanmışam özümə.” Gülüb dedi:
Savab qazanmaq istəyən adam gedib Balakəndə bazardan bir şirvanlıq dən alıb gətirib verərdi toyuqlara. Mənim dənim qalardı.

Göbələk yeməyimiz
Vəzir müəllimi 1976-cı ildə Filizçay partiyasına təzəcə rəis təyin etmişdilər. Bir evdə qalırdıq. Filizçay qəsəbəsindən xeyli aralıda yerləşən buruq quyularını geoloji sənədləşdirmədən qayıdanda rastıma adətən qurumuş qarağac ağacında nəm havada inkişaf edən çox dadlı asılqan göbələyi çıxanda sevincək çöl çantamı doldurub qəsəbəyə gəldim. Axşam göbələyi soğanla birlikdə bol yağda qızartdım. Münasib süfrə açdıq, içkimiz də var idi. Hiss olunurdu ki, dadlı göbələk Vəzir müəllimin çox xoşuna gəlib. Biraz yeyəndən sonra o dayanıb mənə nə desə yaxşıdır: Bilirsən, belə dadlı yeməyi yəqin indi 300 milyonluq SSRİ-də 3 nəfər yeyir- biz ikimiz və bir də Leonid İliç Brejnev.

Dananın gözü
Ötən əsrin 80-ci illərinin sonlarıydı. Mixail Qarbaço­vun “yenidənqurma” avantürası dövrü idi. Xeyli illər uzunu qıtlığa, ərzaq talonları ilə saatlarla növbədə duraraq ət, yağ, şəkər tozu və s. almağa vərdiş etmiş insanlar nisbətən gənc Baş Katibdən sanki bir möcüzə gözləyirdilər, yeni kooperativlər və briqada podratları, fermer təsərrüfatları yaradılırdı; vətəndaşları inandırmağa çalışılırdı ki, bu vasitə ilə inkişafa nail olunacaq və yaxın vaxtlarda bolluq yaranacaqdır. Amma həqiqətdə isə dünyanın 6/1 hisəsini məskunlaşdıran, yüz milyonlarla hektar münbit torpağı olan ən nəhəng ölkə 300 milyona yaxın əhalini ərzaqla təmin edə bilmirdi. Keçmiş Sovet İttifaqının kütləvi-informasiya vasitələri vətəndaşlara “işıqlı gələcək”dən dəm vururdu. Moskva­nın Mərkəzi televiziya kanalları daha böyük canfəşanlıqla Yeni Reformator - Qorbaçovun ideyalarını yayırdılar.
Elə həmin zaman Vəzir müəllim özünəməxsus yumor hissi ilə demişdi: Mən bu yaşa çatmışam hələ televizorda bir geoloq göstərildiyini görməmişəm, amma ekranda hər axşam inək-dana göstərirlər. Özü də uzaqdan göstərsəydilər nə var idi ki, operator əvvəl­cə dananı bütöv göstərəndən sonra tədricən onun başını, sonra isə gözünü televizorun bütün ekranı boyu böyüdür. Belə çıxır ki, geoloqun dana qədər də hörməti yoxmuş.

Mokva geoloqlarının Loqodexə səfəri
Ötən əsrin 60-80-ci illərində Balakənə bir çox yerlərdən qrup şəklində, yaxud ayrı-ayrılıqda geoloqlar, elmi işçilər gələrdilər. Onların içərisində sabit olaraq bütün yay mövsümü boyu fasiləsiz işləyən yalnız Moskva Mərkəzi Elmi Tədqiqat Geoloji Kəşfiyyat İnstitutunun əməkdaşları olardı. Moskva geoloqlarının rəhbəri MDU-nu bitirdikdən sonra Moskvada qalan, sonralar mis-polimetal və qızıl yataqları üzrə məşhur alim-geoloq olan Namiq Qurbanov idi.
Bir qayda olaraq moskvalılar arabir ərzaq almaqdan ötəri qonşu Gürcüstanın Loqodex şəhərinə gedərdilər. Adətən bu işi gənc geoloqlar yerinə yetirərdilər. Növbəti dəfə onlar Loqodexdən qayıdan zaman gürcü avtomobil müfəttişləri maşını saxlayıb sənədləri tələb edirlər. Azərbaycanlı sürücü Fərman İsmayılov sənədləri təqdim edir və bildirir ki, “baxın bu da yol vərəqəsində partiya rəisi Oqtay Qədimovun imzası”, yol müfəttişi hiddətlənir-“Qatso, bu nə deməkdir. Necə yəni Qədimov Oqtay partiya rəisidir. Bütün SSRİ-də bir partiya rəisi var, o da Leonid Brejnevdir” deyir və qonaqları buraxır.

Hesabatı Seyfəddin verəcək
Keçən əsrin 70-ci illərinin sonları idi. O zaman geoloji eklspedisiyalar çöl işi ilə məşğul olan tabeli qurumlarla (geoloji partiyalar, dəstələr və s.) yalnız radioəlaqə vasitəsilə müvafiq qaydada müntəzəm olaraq bağlanır, sifarişləri qəbul edir və lazımi tapşırıqlar verirdilər. Bir dəfə Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının baş geoloqu Əzyulla Məmmədov özü ekspedisiyanın radiostansiyasına gələrək bütün çöl partiyalarından ilin 9 ayı ərzində əldə olunmuş geoloji nəticələr barədə hesabatın təcili çatdırılmasını istəmişdi. Mütəmadi nəqliyyat işləyən partiyalar hesabatı təqdim etmişdilər. Dağıstanla sərhəddə, ən yüksək dağlıq ərazidə yerlə­şən Tenros partiyasının baş geoloqu-olduqca savadlı, kamil mütəxəssis və səmimi insan olan Nail Məlikov da radioqramı almış və hesabatı müvafiq qaydada tərtib eləmişdi. Lakin nəqliyyatın olmaması səbəbindən o hələlik hesabatı ekspedisiyaya çatdıra bilmirdi. Nəhayət ki, partiyaya QAZ-66 markalı maşın gəlir və qoruqçudan başqa bütün işçilər otqula getməli olurlar. Maşına minən zaman Seyfəddin adlı buldozerçi cəld kabinada sürücünün yanındakı yeganə yeri tutur. Baş geoloq Nail müəllim isə digər işçilərlə maşının banına qalxır. Tərslikdən sentyabrın sonunda aramsız yağış yağırmış. Axşam maşın ekspedisiyaya çatıb işçilər dağılışanda təpədən dırnağacan islanmış olan, soyuqdan titrəyən Nail müəllim ekspedisiyanın baş geoloqu ilə rastlaşır və təbii ki, 9 aylıq hasabat barədə söz düşəndə “Əzyulla müəllim, hesabatı Seyfəddin verəcək” deyir. Elə həmin axşam Nail müəllim gecə reysi ilə avtobusla Bakıya otqula gedir. Səhər baş geoloq Əzyulla müəllim Seyfəddini xeyli gözləsə də o gəlib çıxmır. Nəhayət onun dalınca yaşadığı Gərəkli kəndinə maşın göndərilir. Seyfəddin ca­vab verir ki, “mən buldozerçi babayam, hesabat hara mən hara”. Aradan 10 gün ötəndən sonra Nail müəllim eks­pe­di­siyaya gələndə Əzyulla müəllim “ay Nail hesabatı da verməyib getmisən Bakıya. Seyfəddin də deyir ki, mənə heç kim hesabat verməyib.
Təbiətən hazırcavab olan Nail müəllim : -Əzyulla müəllim bilirsiniz ki, geoloji təşkilatda da orduda olduğu kimi qəbul edilmiş bir qayda var. Hər hansı bir tapşırıq yerinə yetirilərkən-lap elə səfər zamanı - işin icrasına məsul olan şəxs adətən mühəndis heyətindən olur. Partiyanın rəisi sahədə olmayan zaman bütün işlərin aparılmasına məsuliyyət daşıyan baş geoloq işçilərin ekspedisiyaya daşınması zamanı da sürücü ilə bərabər müəyyən qədər məsuliyyət daşıdığı üçün o sürücünün yanında olmalı idi. Buldozerçi Seyfəddin sürücünün yanında oturduğu üçün elə bildim yeni baş geoloq odur və hesabatı da o verəcək.

Elektrikin qələvi içməsi
Vəzir müəllim Filizçay partiyasında rəis olan zaman SSRİ-nin Şimali Qafqaz bölgəsindən gələrək elektrik işləyən Anatoli adlı birisi möhkəm spirtli içki həvəskarı idi. Bir gün o bərk dəm olarkan səhvən axşam alaqaranlığında otaqda araq əvəzinə səhvən qələvi içmişdi. Partiyadakı tibb məntəqəsində onun mədəsini dəfələrlə yusalar da vəziyyəti ağır olduğuna görə növbətçi maşınla rayon xəstəxanasına gətirməli olmuşdular. Həkimlə­rin səyi nəticəsində Tolikin həyatını xilas eləmək mümkün olmuşdu. O iki həftədən sonra Filizçaya işə qayıtmışdı.Həkimlər tapşırmışdılar ki, mədə ağır vəziyyətdə olduğu üçün qətiyyən spirtli içki yaramaz ona. Vəzir müəllim Tolikdən tez-tez xəbər tuturdu. Ona yarızarafat, yarıciddi demişdi “Tolik qətiyyən içmə. Əyər dözə bilməsən, xəbər elə səninlə düşək Balakənə, orda iki qardaş içərik.”
- Yox rəis mən içki ilə vidalaşdım. Bir daha içməyəcəm – demişdi Tolik.

Nemət müəllimin cins kostyum üçün müraciəti
Uzun illər boyu geologiya sahəsində fədakarcasına çalışan geoloqlardan biri də rəhmətlik Nemət Rəsul oğlu İlyasov olmuşdur. Amma Nemət müəllim bir qədər sadəlövh idi, hər deyilən şeyə inanardı. Bu səbəbdən də həmkarları onunla zarafat etməyi xoşlayardılar. Bir gün Nemət müəllim ekspedisiya binasının qabağında dayananda cavan partiya rəislərindən birinin əynində cins şalvar və gödəkçə görür. Bu hadisə baş verən zaman - ötən əsrin 80-ci illərində cins paltar ən bahalı və arzuolunan geyim idi. “Nə qəşəng paltarın var, xeyirli olsun. Soruşmaq ayıb olmasın, hardan almısan?” soruşur Nemət müəllim.
-Hardan alacam, Ekspedisiyanın anbarından sifariş yazıb götürmüşəm, bir anlığa Nemət müəllimin sifəti dəyişilir.
-Ə sən Allah düz deyirsən?
-Nemət müəllim mənim Sizinlə birdən ikiyə zarafatım olub? Doğru sözümdür. Amma dostcasına deyirəm- hələ ki, çox adam bilmir -sifarişi yaz, get götür.
Nemət müəllim tez yaxınlıqda yaşadığı evə gedir. Gənc rəis durmadan anbar müdiri Gennadi Rumyantsevin yanına gedib onu xəbərdar edir ki, bu bir zarafatdır. Nemət müəllim soruşanda desin ki, yalnız bir dəst qalıb, get ekspedisiya rəisinə sifarişi imzalayıb gətir. Qorxma heç kimə vermərəm- deyir və anbardan uzaqlaşır.
Çox çəkmir ki, Nemət müəllim əlində sifarişlə anbara gəlir.
-Gennadi Vasilyeviç eşitdim cins paltar gətiriblər anbara. Mənə bir dəst verə bilərsənmi?
O, Nemət Rəsuloviç bu nə sözdür, nə danışırsınız!? Siz bizim ekspedisiyanın fəxrisiniz. ..Bəli, bir dəst qalıb. Elə Sizin əyninizə olar. Mən indi onu Sizə göstərə bilmərəm. Görürsünüz nə qədər gəlib-gedən var. Zəhmət olmasa sifarişi Sərdar Babayeviçə imzaladıb gətirib mənə verin və paltarı götürün.
Nemət müəllim tez Ekspedisiya rəisinin qəbuluna gedir. O zaman Ekspedisiyanın rəisi olduqca müdrik, alicənab, nəcib və xeyirxahlıq kimi insani keyfiyyəti ilə seçilən Sərdar müəllim Zülfüqarov idi. Rəis Nemət müəllimin ərizəsini oxuyanda məsələnin nə yerdə olduğunu anlamış və gülərək “Ay Nemət, yenə kim səninlə zarafat edib. Bura Kremlin anbarıdır bəyəm?!” demişdi.