Xəzər dənizinə axıdılan çirkab suları idarə olunmalıdır - Nazirlik

Xəzər dənizində əmələ gələn çirkab suları idarə olunmalıdır.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" rubrikasında Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov deyib. O bildirib ki, bu çirkab sular bir neçə hadisə nəticəsində əmələ gəlir: "Çirkab suları hər hansısa bir qəza nəticəsində, yağışlı havalarda müəyyən tutumların daşması, neft hasilatı zamanı sızmalar və digər hadisələr zamanı baş verir. Belə hallarda mənbənin zərərsizləşdirilməsi və çirkab sularının qarşısının alınması üçün dərhal tədbirlər görülür. Bizim apardığımız monitorinqlər zamanı ortaya çıxan faktlar qiymətləndirilir və onun qarşısının alınması istiqamətində təcili tədbirlər görülür. Əvvəlcə həmin çirkab sdular zərərsizləşdirilir və sonra bunun üçün qanunvericilikdə nəzərdə tutulan inzibati tədbirlər görülür".

 
Agentlik rəisi bildirir ki, bununla yanaşı, Xəzər dənizinə sahildən su kanalları vasitəsilə tullantılar da axıdılır: "Bunlar təsərrüfat mənşəli tullantı sularıdır ki, əslində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi ilə təmizləyici qurğulara yönəldilməlidir. Mərkəzləşdirilmiş kanalizasiya xətləri olmayan ərazilər isə həmin çirkab suları ilə çirklənməyə məruz qalır. Bununla bağlı müəyyən tədbirlər həyata keçirilir. Bunun üçün Dövlət Proqramı var. Kanalizasiyası olmayan ərazilərdə bu proqramın icrası həyata keçirilir. Həmin mərkəzləşdirilmiş kanalizasiya xətləri yaradılandan sonra çirkab suları təmizləyici qurğulara ötürülür. Təmizlənmiş suların müəyyən hissəsi suvarma üçün istifadə edilir. Bütün rayonlarda təmizləyici qurğuların tikilməsi nəzərdə tutulub. Artıq rayonlarda 20-dən çox təmizləyici qurğu quraşdırılıb və çirkab sularının təmizlənməsi həyata keçirilir. Təəssüflər olsun ki, Xəzər sahilində bəzi mənbələrdən kimyəvi tərkibli çirklənmiş suların dənizə axıdılması faktları var".//Trend