Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə 600-dən çox vakant yer çıxarılıb

Fevralın 9-da Təhsil Nazirliyində ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulunun başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Tədbirdə nazirliyin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva müsabiqəyə 600-dən çox vakant direktor vəzifəsinin çıxarıldığını qeyd edib. O bildirib ki, müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.

Fevralın 10-13-də dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi həyata keçiriləcək. Direktorların işə qəbulu üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Tükəzban Quliyeva diqqətə çatdırıb ki, ötən dövr ərzində ümumi təhsil müəssisələrində direktor vəzifəsi üzrə yeni vakant yerlər yarandığından həmin vakansiyaların bu il keçirilən müsabiqə üçün elan edilməsi nəzərdə tutulur. 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçməyən, ərizəsini təsdiq etməyən namizədlərə elektron qeydiyyatı tamamlamaq, elektron ərizəsi qəbul edilmiş namizədlərə isə yenidən vakansiya seçimi etmək imkanı veriləcək. Həmin şəxslər vakansiya seçimi edərək fevralın 13-dək elektron ərizələrini təsdiq etməlidirlər.

Təhsil Nazirliyinin rəsmisi vurğulayıb ki, bu il ilk dəfə olaraq fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi də nəzərdə tutulur. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

O bildirib ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılmış 24 imtahan mərkəzində karantin rejiminin müvafiq tələbləri çərçivəsində təşkil ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzləri mövcud sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya ediləcək.