Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Aprelin 2-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən  bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Mədət Quliyev diqqətə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Azərbaycan və Türkiyənin bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də daim yaxından əməkdaşlıq etdiklərini bildirən nazir Mədət Quliyev 44 günlük Vətən müharibəsində qardaş ölkənin dövlətimizin yanında olduğunu, qazandığımız böyük Zəfərdə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyin böyük rol oynadığını vurğulayıb. Nazir, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Görüşdə hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Sonda Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şeker səmimi görüşə görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib.