Bakı Baş Gömrük İdarəsinin bəzi vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin bəzi vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı birgə məlumat yayıb.
Hər iki qurumun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə martın 30-da daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılıb və birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərdən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Bununla bağlı mayın 17-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.