AĞAMAHMUD SƏMƏDOV -  Geologiyaya həsr olunmuş ömür

 SƏMƏDOV AĞAMAHMUD MƏHƏMMƏDRZA oğlu 1949-cu il oktyabr ayının 22-də Azərbaycanın Şamaxı rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. A.M.Səmədov 1971-1975-ci illərdə təyinatla Qazaxstan Respublikasının Karaqanda şəhərində, Mərkəzi Qazaxstan Geologiya İdarəsinin Aqadır Kompleks Geoloji-Geofiziki Ekspedisiyasında işləmişdir. Onun iştirakı ilə Mərkəzi Qazaxstanda Qaraoba filiz rayonu ərazisində radioaktiv metal filizləri yatağı aşkar olunmuşdur. 1975-2001-ci illərdə A.M.Səmədov Azərbaycan Geologiya İdarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının geoloji partiyalarında geoloq, böyük geoloq, baş geoloq və rəis vəzifələrində çalışmışdır. Zaqatala-Balakən filiz rayonunda aşkarlanmış “Qələbə” polimetal filizləri tazahürünün ilk kəşfçilərindən biridir (Ə.Məmmədov və A.Şirinovla birlikdə). 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatında İstehsalat Siyasəti şöbəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 2006-2011-ci illərdə Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun rəisi, 2011-2018-ci illərdə Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu, şöbənin baş mütəxəssisi vəzifələrində çalışmışdır. A.M.Səmədov 10-dan artıq geoloji hesabatın həmmüəllifi, 12 elmi məqalənin müəllifidir. O, “Böyük Qafqazın təbii sərvətləri və onlardan səmərəli istifadə məsələləri” adlı kitabçanın həmmüəllifidir (akad.Ak.A.Əlizadə ilə birlikdə). Ağamahmud müəllim hazırda “Yer və İnsan” jurnalının redaktoru olaraq fəaliyyətini davam etdirir.  A.M.Səmədova Birinci dərəcəli Dövlət qulluqçusu adı verilmişdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22.05.2021-ci il tarixli Sərəncamı ilə Səmədov Ağamahmud Məhəmmədirza oğlu “Tərəqqi” medalı ilə təltif edilmişdir. Ağamahmud müəllimi “Yer və İnsan” jurnalının kollektivi adından təbrik edirik, ona uzun ömür, can sağlığı, yeni nailiyyətlər arzu edirik!