Bakıda “Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib - Foto
Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
Türkiyədə akkreditə olunmuş xarici media subyektlərinin rəhbərləri, türkiyəli jurnalistlər, Medianın İnkişafı Agentliyinin əməkdaşları və digərləri tədbirdə iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, "Sabah" qəzetinin jurnalisti Mahmud Övür və “Star” qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.
Dəyirmi masada ənənəvi mediadan yeni mediaya keçid mövzusu müzakirə olunub. Əvvəlcə Azərbaycan mediasının tarixi barədə məlumat verilib, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində aparılan islahatlardan danışılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə Medianın İnkişafı Agentliyi yaradılıb. Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının artırılması üzrə peşəkar və sahəvi jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti üçün ixtisasaslaşma proqramları həyata keçirilir, eyni zamanda, gənc kadrların inkişafı məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif layihələrin reallaşdırılması nəzərdə tutulub.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının qarşısında yeni vəzifələrin qoyulduğu vurğulanıb, qalib ölkə mediasının inkişafının vacibliyi qeyd edilib.
Dəyirmi masada, həmçinin müasir mətbuatın ən önəmli sahəsi olan internet mediasından danışılıb. Yeni media ilə bağlı hədəflərə çata bilmək üçün qlobal trendlərlə bağlı strategiyanın həyata keçirilməsi məsələləri müzakirə olunub.

