Prezidentin imzaladığı əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisələrində 27 məhkuma şamil olunub

Dövlətimizin başçısı İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində 27 nəfərə şamil olunub.

Bu cəzaçəkmə müəssisəsində 22 nəfər azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə sənədlərini Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, ombudsman Səbinə Əliyeva və Milli Məclisin deputatı Zahid Oruc verib.

Azadlığa buraxılanlardan 5-i "Gəncə hadisələri"nə görə həbs edilənlərdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ümumilikdə 213 nəfəri əhatə edib.