Sabunçu rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakının Sabunçu rayonunun Ramanı qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Məmmədov Polad Mürsəl oğluna, Əhmədov İlham Əsgər oğluna, Alışov Bəylər Mehman oğluna, Vəliyev Mehman Balış oğluna, Allahverdiyev Səfər Qiyas oğluna, Abbasov Sakit Nəbadi oğluna və Əmrahov Qalib Qardaşxan oğluna məxsus məntəqələrdə baytarlıq-sanitariya ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.

Faktlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.