Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib
Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya rəhbəri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasınin rəhbəri biologiya elmləri doktoru Süleyman Allahverdiyev fiziki-kimyəvi biologiya ixtisası üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib.
AMEA-dan bildirilib ki, biologiya sahəsində tanınmış azərbaycanlı alim elmin inkişafında və elmi kadrların hazırlığındakı böyük xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə bu ada layiq görülüb.
Xatırladaq ki, tanınmış alim Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2022-ci il 21 mart tarixli Sərəncamı ilə bu ölkənin Əməkdar elm xadimi adına layiq görülmüşdü. O, daha əvvəl 2021-ci il üçün Qlobal Enerji Assosiasiyasının enerji sənayesi sahəsində ən nüfuzlu beynəlxalq “Qlobal Enerji” mükafatının laureatları arasında olub. Süleyman Allahverdiyev son illərdə əsərlərinə edilən istinadların sayına görə Rusiyanın ən reytinqli alimləri siyahısında həmişə ön sıralarda gedir.

