Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Danimarka və Rusiya alimləri ilə görüş keçirilib

Oktyabrın 12-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Danimarkanın Orxus Universitetinin Yer Elmləri İnstitutunun direktor müavini Mads Knudsen, Rusiya Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi professor Anton Anoykin və Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rejep Qurbanovla görüş keçirilib.

Bu barədə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib. İnstitutun baş direktoru professor Abbas Seyidovun sözlərinə görə, bir həftədən artıqdır ki, Azərbaycan arxeoloqları və paleontoloqları xarici iştirakçılarla birlikdə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi və Rusiyanın Elmi Fondu tərəfindən maliyyələşdirilən “Xəzər regionunun ən qədim tarixi: dəyişən təbii mühit şəraitində arxeoloji mədəniyyətlərin xronologiyası və inkişafı” layihəsi çərçivəsində paleolit abidələrində elmi tədqiqat aparırlar. Layihə çərçivəsində Azərbaycanda işlərin bir hissəsi görülüb. Xüsusilə Qazma mağarası (Naxçıvan MR Şərur rayonu) və Qaraca paleolit düşərgəsində (Mingəçevir şəhəri) abidələrin mütləq yaşını müəyyən etmək üçün nümunələr götürülüb.

Professor bildirib ki, abidələrin mütləq yaşı Danimarka Texniki Universiteti və Orxus Universitetinin lüminessent üsulu ilə yaşı müəyyən edən Skandinaviya laboratoriyasında müəyyən olunur. Məlum olduğu kimi, 17 il ərzində Azıx və Tağlar mağaralarında qeyri-qanuni arxeoloji tədqiqatlar aparılıb.

Mads Knudsen bildirib ki, abidələrin mütləq yaşını təyin etmək üçün müasir laboratoriya və texnologiyalara ehtiyac vardır.

Azərbaycan tərəfdən arxeoloqlar Azad Zeynalov, Yaqub Məmmədov və digər qonaqlar Azərbaycan ərazisinin qədim tarixə malik olduğunu xüsusi qeyd edərək, burada aparılacaq tədqiqatların dünya tarixi üçün önəmli yer tutacağını əminliklə bildiriblər.