Samuxda yeni beton kanal çəkilir

Samux Suvarma Sistemləri İdarəsi rayonun 28266 hektar suvarılan torpaqlarına xidmət edir. İdarənin balansında 574 ədəd subartezian quyusu, 26 ədəd nasos stansiyası mövcuddur. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726 kilometrdən uzun olan təsərrüfatdaxili və təsərrüfatarası kanallardan istifadə olunur. Bundan 65 kilometri təsərrüfatlarası, 658 kilometri təsərrüfatdaxili kanallardır. Balansda 3 kilometr suötürücü kanal, 63 ədəd hidrotexniki qurğu, 39 ədəd körpü-keçid, 61 ədəd suölçən qurğu, 14,5 kilometr drenaj kanalları var. Su itkisinin qarşısının alınması, suvarma suyunu daha səmərəli olaraq fermerlərə çatdırılması üçün rayon ərazisində yerləşən torpaq məcralı kanalın beton üzlüyə alınmasına başlanılıb. Hazırda idarənin maşın-mexanizmləri və işçi heyəti tərəfindən təxirəsalınmaz işlər aparılır.

Bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, Samux Suvarma Sistemləri İdarəsi tərəfindən kanallarda lildən, çaylarda isə məcra təmizləmə işləri və selə qarşı tədbirlər də davam edir. Bundan başqa boru xətlərinin və hidrotexniki qurğuların təmiri, cari və əsaslı təmiri həyata keçirilir. 2022-ci ilin əvvəlindən indiyədək 98 ədəd nasos, 7 ədəd elektrik avadanlığı təmir edilib. Hazırda kanaldan sahələrə suyun verilməsi üçün işçilər tərəfindən növbələr tutulub, kanallara daim nəzarət olunur. Əlavə olaraq, kanallarda əl ilə lildən təmizləmə işləri də aparılır. Kanallar tam işlək vəziyətə salınır, su itkisinin qarşısının alınması üçün tədbirlər görülür. Çaylardan gələn sel sularının qarşısının alınması üçün cari ildə Gəncə, Qabırrı və Qoşqar çaylarında da torpaq işləri görülüb.

Qeyd edək ki, Samux rayonu ərazisində 10346 hektar taxıl bitkisi, 770 hektar xəsil səpilib. İdarə tərəfindən görülən tədbirlər nəticəsində suvarma suyunda çətinliklər yaranmayıb.