Fermerlərə veriləcək avans subsidiyasından DANIŞDI - VİDEO

Bu ildən fermerlərə subsidiya ödənişi zamanı onların reytinqi nəzərə alınacaq.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, fermer reytinqi üç əsas sütun üzərində qiymətləndirilir. 

Avans subsiyasının verilməsində 5-100 hektar arasında sahəsi olan fermerlər, birillik əkinlər, eləcə də reytinqində 30 və daha yuxarı bal toplamış fermerlər nəzərə alınacaq. Torpaqların konsolidasiyasına dair ilkin planlama işlərinin həyata keçirildiyini deyən nazir qeyd edib ki, planlama işləri başa çatdıqdan bir il sonra sahəvi işlərə də başlanılacaq. 

Azərbaycanda subsidiya verilən əkin sahələrinin süni intellekt vasitəsilə yoxlanılmasına başlanılıb. Məcnun Məmmədov bildirib ki, bu yoxlamaların nəticələri nəzərə alındıqdan sonra subsidiyaların ödənilməsi həyata keçiriləcək.

Nazir qeyd edib ki, ümumilikdə kənd təsərrüfatı sahəsində süni intellekt texnologiyalarının tətbiqinə başlanılıb. Fermerlər Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt əsaslı xidmətindən istifadə edərək öz bağlarını və əkin sahələrini qeydiyyatdan keçirə, həmin ərazi üzrə suvarma, xəstəliklər və digər məsələlərlə bağlı məlumat əldə edə bilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.