Heyvandarlıq təsərrüfatlarına yeni subsidiyaların verilmə şərtləri açıqlanıb

Aqrar Subsidiya Şurasının sentyabrın 7-də təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmlərinə əsasən, intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə subsidiya veriləcək.

Qərara əsasən, 1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1500 manat, ətlik cinslər üzrə isə 1000 manat, mövcud təsərrüfatlar üzrə isə cins sağmal heyvanlara 500 manat, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat, mələz sağmal heyvanlara isə 200 manat subsidiya verilməsi nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qeyd edilən subsidiyalar yeni heyvandarlıq təsərrüfatlarının qurulmasına dəstək xarakteri daşıyır və qurulmuş təsərrüfatlar zooogigiyenik baytarlıq normalarına cavab verməlidir. Təsərrüfatlara qoyulan digər tələblər nazirlik tərəfindən hazırlanmış reqlamentə əsasən tənzimlənəcək.

Diqqətə çatdırılıb ki, heyvanların südlük, südlük-ətlik və ya ətlik istiqamətə aid edilməsi onların cins mənsubiyyəti və müvafiq damazlıq məlumatları əsasında müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamına əsasən, ölkə üzrə heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilib. İdentifikasiya nəticəsində əldə edilən məlumatlar “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil ediləcək və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə ötürüləcək.

Həmçinin subsidiya məbləğlərinin nağdsız olaraq birdəfəlik şəkildə ödənilməsi nəzərdə tutulub.

“Yeni subsidiya mexanizmlərinin tətbiqi ölkədə intensiv heyvandarlıq təsərrüfatlarının yaradılmasının təşviqinə, yüksək məhsuldarlıq potensialına malik cins heyvanların sayının artırılmasına, mövcud heyvanların cins tərkibinin yaxşılaşdırılmasına və süd və ət istehsalında məhsuldarlığın yüksəldilməsinə xidmət edəcək. Görülən tədbirlər nəticəsində heyvandarlıq məhsullarının istehsal həcminin artırılması, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi gözlənilir”, - deyə nazirlikdən bildirilib.