Azərbaycanın güləş yığmalarının dünya çempionatı üçün heyəti açıqlanıb

Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək güləş üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) bildirilib ki, mundialda ölkəmizi 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi üzrə milli komandamız start verəcək. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kiloqram), Murad Məmmədov (60 kiloqram), Nihat Məmmədli (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) çıxış edəcək.

Daha sonra estafet qadın güləşçilərimizə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Birgül Soltanova (65 kiloqram) dünya çempionatında gücünü sınayacaqlar.

Çempionatın son günlərində isə sərbəst güləşçilərimiz xalçaya çıxacaqlar. Millinin baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Rəşid Babazadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Cəbrayıl Hacıyev (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) qələbə uğrunda mübarizə aparacaqlar.

“Barıs Arena”da keçiriləcək yarışda gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 09:30-da, axşam seansının görüşləri isə 17:00-da başlayacaq.

Qeyd edək ki, I-S dərəcəli referilərimiz Asif Şirəliyev və Sədi Quliyev DÇ-də ədaləti qoruyacaq.