Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Sentyabrın 17-də Bakıda Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin baş direktoru Marqus Sarqlepp rəhbərlik edib.
Məsləhətləşmələrdə, həmçinin Azərbaycan tərəfdən Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanla Estoniya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Hər iki ölkə vətəndaşlarına konsulluq dəstəyi istiqamətində sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mövcud təcrübə və qabaqcıl mexanizmlər üzrə fikir mübadiləsi aparılıb.
Habelə iki ölkə arasında miqrasiya, ədliyyə, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.

