Beynəlxalq konqresdə Qarabağ ərazisinin nəqliyyat əhəmiyyəti ilə bağlı məruzə dinlənilib

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun insan coğrafiyası ixtisası üzrə doktorantı Aynur Quluyeva Xorvatiyanın Riyeka Universitetinin Sosial elmlər fakültəsinin keçirdiyi 8-ci beynəlxalq Avropa sosial elmlər konqresinin iştirakçısı olub.

İnstitutdan  bildirilib ki, onlayn formatda tədbirə qoşulan A.Quluyeva “Qarabağın nəqliyyat əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edib. Elmi tədbir iştirakçıları A.Quluyevanın Qarabağın vaxtilə işğal altında olan ərazilərində ermənilərin törətdikləri dağıntılar, yolların və nəqliyyat qovşaqlarının məhv edilməsi, Qarabağ ərazisinin nəqliyyat əhəmiyyəti, müxtəlif nəqliyyat növlərinin inkişaf perspektivləri və gələcəkdə nəzərdə tutulan layihələr haqqında təqdimatını dinləyiblər. Məruzəçi çıxışında, həmçinin Zəngəzur dəhlizinin yerli, regional və beynəlxalq səviyyələrdə əhəmiyyəti barədə danışıb, ona ünvanlanan sualları cavablandırıb.

Sonda konqres iştirakçılarına sertifikat təqdim edilib.