Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İranın daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, iki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan müzakirələrin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən İranın daxili işlər naziri İsgəndər Momeni müxtəlif vaxtlarda İranda baş vermiş irimiqyaslı fövqəladə hadisələr zamanı Azərbaycanın göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini vurğulayıb. Qonaq iki qurum arasında fövqəladə halların idarəedilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb, bu səfərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.