On bir qəsəbənin tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınacaq

Xəzər dənizinin ekoloji sabitliyinin qorunması, eləcə də 11 qəsəbədə yaranacaq tullantı sularının optimal idarə olunması məqsədilə Abşeron yarımadasının şimal-şərq hissəsində yeni kanalizasiya infrastrukturu yaradılır. Qəsəbələrdə formalaşan tullantı sularının Pirşağı təmizləyici qurğusuna ötürülməsi üçün “Azərsu” ASC-nin sifarişi əsasında hazırda iki istiqamətdə, Zabrat-Kürdəxanı-Pirşağı, həmçinin dənizin sahili boyunca əsas daşıyıcı kollektorların inşası həyata keçirilir.

ASC-dən bildirilib ki, Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrində formalaşan tullantı sularının təmizləyici qurğuya daşımaq üçün 1400 millimetr diametrli dəmir-beton borularla 4 kilometr uzunluğunda kollektorun inşası layihələndirilib və indiyədək 2022-ci il üçün nəzərdə tutulmuş işlərin 75 faizindən çoxu icra olunub. Kollektorların avtomobil və dəmir yolları ilə kəsişdiyi 11 nöqtədə 8-26 metr dərinlikdə şaxtalar qazılaraq xüsusi maşın və mexanizmlər vasitəsilə tunellər tikilir. Ötən müddətdə 5 tunelin tikintisi tam yekunlaşıb, digərlərində isə işlər davam etdirilir. Kanalizasiya kollektorunun keçdiyi ərazilərdə gələcəkdə şəbəkə xətlərinin qoşulması üçün 28 quyunun tikintisi də başa çatdırılıb.

Uzunluğu 1,8 kilometr olan digər kollektor isə Pirşağı çimərliyi ərazisində, dəniz sahili boyunca inşa olunur. Bu kollektor vasitəsilə çimərlik ərazisində olan obyektlərdə və fərdi yaşayış evlərində formalaşan tullantı suları təmizləyici qurğuya ötürüləcək. Kompleks layihəyə uyğun olaraq növbəti mərhələdə 19 kilometr uzunluğunda Bilgəh-Pirşağı və 14 kilometr uzunluğunda Novxanı-Pirşağı kollektorlarının inşası da nəzərdə tutulur. Eyni zamanda, Zabrat-Kürdəxanı-Pirşağı kollektorunun inşası davam etdirilərək, Balaxanı qəsəbəsinə qədər uzadılacaq. Yeni infrastruktur Novxanı, Mehdiabad, Goradil, Fatmayi, Kürdəxanı, Pirşağı, Məhəmmədi, Digah, Zabrat, Balaxanı və Nardaran qəsəbələrində yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan verəcək.

Azərbaycan hökumətinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Pirşağı qəsəbəsinin yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan təmizləyici qurğunun, eləcə də təmizlənərək zərərsizləşdiriləcək suların dənizin nisbətən dərinsulu hissəsinə axıdılmasını təmin etmək üçün polad borularla 1700 metr uzunluğunda çıxış xəttinin inşası tam yekunlaşıb. Bioloji tipli qurğuda tullantı sularının təmizlənməsi yeni texnologiya əsasında həyata keçiriləcək.