Kitablar səltənətinin inciləri: Əlibala Hacızadə - “İtkin gəlin”
Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi uğurla davam edir. İzləyicilərə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, tərcüməçi Əlibala Hacızadənin “İtkin gəlin” əsərindən bir parça təqdim olunur.
Əfqanıstana ezam edildiyi illərdə Əlibala Hacızadənin "Qürbətdə" adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə bu ölkədə cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Əlibala Hacızadə “İtkin gəlin” romanına qədər bir çox sevilən əsərlərin müəllifi olub. Ancaq ona ən böyük şöhrəti və oxucu sevgisini "İtkin gəlin” romanı gətirib. Əsər bu gün də oxucuların böyük maraqla müraciət etdiyi, sevgini, mənəvi saflığı və insan taleyini bədii boyalarla əks etdirən bir romandır.
Ölüm bu dünyanın o üzündədir.
Bu üzü dünyanın güldür, çiçəkdir.
Ölməzlik məhəbbət zirvəsindədir,
məhəbbət əbədi ömür deməkdir.
Əfsanə adlı zəhmətkeş, gözəl əfqan qızının bədbəxt taleyindən bəhs edən bu romanda hadisələr Aprel inqilabından əvvəlki dövrdən başlayaraq davam edir. Əfsanə sevdiyi oğlana yox, onun qardaşına ərə verilir. Bu romanda insanların acınacaqlı həyatı və ictimai problemləri qabarıq formada qələmə alınmışdır. Əfsanə təkcə əsərin baş qəhrəmanının adı deyil, həm də romanın əsas süjet xəttini təşkil edən faciəvi taleyin simvoludur.
Yazıçı Şahzadə İldırım yüz minlərlə oxucu sevgisi qazanıb, dəfələrlə təkrar nəşr olan yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanını oxumağı oxuculara tövsiyə edir. Əməkdar incəsənət xadimi, bəstəkar, professor, Cavanşir Quliyevin yazıçının sözlərinə yazdığı “İtkin gəlin” mahnısı Xalq artisti Aygün Kazımovanın ifasında videoçarxda yer alır.
Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:

