Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” tədbirləri
çərçivəsində dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr
olunmuş videoçarxlar hazırlandı.
Hər iki videoçarx Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin görkəmli memarın yaradıcılığı, Azərbaycan mədəniyyətinə
verdiyi misilsiz töhfələr haqqında dediyi dəyərli fikirlərlə başlayır.
Memarın zəngin irsini tanıtmaq məqsədilə hazırlanan “Əcəmi Naxçıvani 900” adlı
birinci videoçarxda sənətkarın XII əsr Azərbaycan intibahında tutduğu unikal mövqe,
Naxçıvan memarlıq məktəbinin banisi olması və mürəkkəb riyazi hesablamalara
əsaslanan mühəndislik zəkası tarixi faktlarla işıqlandırılır. Videoçarxda dahi ustadın
xatirəsinin əbədiləşdirilməsi istiqamətində imzalanan son dövlət sərəncamlarına, onun
adını daşıyan “Memar Əcəmi” metrostansiyasına, ucaldılan abidələrə, xatirə medalı və
poçt markalarına geniş yer verilib. Həmçinin memarın irsinin beynəlxalq əhəmiyyəti
diqqətə çatdırılaraq, onun 900 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunan
yubileylər siyahısına daxil edilməsi xüsusi vurğulanır.
“Şərq memarlığının dahisi və daşın poetikası” adlı ikinci videoçarxda ustad
memar Əcəmi Naxçıvaninin dünya əhəmiyyətli şah əsərləri olan Möminə Xatun və Yusif
ibn Küseyir türbələri, eləcə də dövrümüzə çatmayan digər unikal tikililəri geniş
işıqlandırılıb. Videoçarxda Möminə Xatun türbəsinin 500 metrə çatan kufi xəttli epiqrafik
yazıları, daxili xonçaları və mühəndislik möcüzəsi sayılan “qızıl bölgü” prinsipləri, eləcə
də Yusif ibn Küseyir türbəsinin mükəmməl konstruksiyası vizual şəkildə təhlil olunur.
Həmçinin videoçarxda Əcəmi sənətinin beynəlxalq miqyasda öyrənilməsi, dahi türk
memarı Memar Sinanın yaradıcılığına təsiri və abidələrin YUNESKO-nun müvəqqəti
siyahısında yer alması kimi tarixi faktlar diqqətə çatdırılır.
Birinci videoçarx dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operasından “Şəbi-hicran” musiqisi, ikinci videoçarx isə Xalq artisti Tofiq Bakıxanovun
“Görüş yerimiz” əsəri ilə müşayiət olunur.
Videoçarxlar kitabxananın YouTube kanalında aşağıdakı keçidlərdə yerləşdirilib: