Kitablar səltənətinin inciləri: Yusif Vəzir Çəmənzəminli - “Toy” hekayəsi

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) MŞ.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən tariхi rоman və hеkayə ustası, dramaturq, publisist, ədəbiyyatşünas, fоlklоrşünas, tariхçi-еtnоqraf və tərcüməçi Yusif Vəzir Çəmənzəminlinin “Toy” hekayəsi təqdim olunur.

“Bizim məqsədimiz və amalımız Azərbaycanımızdır”, – deyən Yusif Vəzir Çəmənzəminli 12 sentyabr 1887-ci ildə Şuşada anadan olmuşdur. Böyük romanlar, bir-birindən maraqlı hekayələr müəllifi olan Y.V.Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, onun daxili və xarici siyasətinin formalaşmasında böyük və əhəmiyyətli rol oynamışdır. “Yeddi hekayə”, “Həyat səhifələri”, “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq”, “Studentlər” və s. kitablar müəllifi olan Çəmənzəminli eyni zamanda elmi-nəzəri əsərlər müəllifidir.  

“Toy” hekayəsində dövrün qadın və qızlarının istəyi nəzərə alınmadan yaşlı və çoxuşaqlı əzazil kişilərə ərə verilməsindən söhbət açılır. Əsərin mərkəzində adından da göründüyü kimi, ənənəvi bir toy mərasimi dayanır. Hekayədə toy hazırlıqları, qonaqların rəftarı, adətlərin bəzən kor-koranə icra olunması və bu fon daxilində yaşanan insan dramı ön plana çəkilir. Lakin Y.V.Çəmənzəminli bu toyu sadəcə bir şənlik kimi deyil, cəmiyyətin daxili ziddiyyətlərini, insanların xarakterini və dövrün eybəcərliklərini üzə çıxaran bir güzgü kimi təqdim edir.

Yazıçı Şahzadə İldırım “Toy” hekayəsindən bir parça səsləndirir və yazıçının əsərlərini oxumağı tövsiyə edir.