Kitablar səltənətinin inciləri: İlyas Əfəndiyev “Dağlar arxasında üç dost” romanı -VIDEO
Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
(MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti
– 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən
“Kitablar səltənətinin inciləri” tədbirlər silsiləsi nasir, dramaturq, Xalq
yazıçısı İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” romanı ilə davam
edir.
XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri İlyas
Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar
arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”,
“Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”,
“Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim
günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”,
“Mahnı dağlarda qaldı”, və s. daxildir. Ədibin qəhrəmanları mübarizliyi,
yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub.
İlyas Əfəndiyevin 1963-cü ildə qələmə aldığı “Dağlar arxasında üç
dost” romanındakı hadisələrin məzmunu hər zaman aktual olan məhəbbət
və ailə dramından ibarətdir. Əsərin mərkəzində Şahlar və Səlimənin bir-
birinə olan dərin və səmimi məhəbbəti dayanır. Şahlar dağ rayonuna gələn
üç gənc dostdan biridir. Şahlar və Səlimənin sevgisi romanın ümumi
quruculuq, əmək və dostluq mövzusuna xüsusi bir poetik rəng qatır, əsərin
lirik pafosunu daha da gücləndirir. Bu gənclərin sevgisi möhkəm və qırılmaz
olsa da, Şahların anasının bu münasibətə qarşı çıxması ailə dramına
səbəb olur. Yazıçının erməni-müsəlman münaqişəsinə açıqbaxışlı
münasibəti, qəhrəmanlarının bir-birinə möhkəm sevgisi qələmə alınmışdır.
İlyas Əfəndiyevin real hadisələrlə dolu olan bu əsəri onun ən güclü
romanlarından biri hesab olunur.
Yazıçı Şahzadə İldırım “Dağlar arxasında üç dost” romanından bir
parça səsləndirərək oxuculara təqdim edir və oxuculara ədibin əsərlərini
oxumağı tövsiyə edir.
Romandan kiçik bir parça kitabxananın YouTube kanalında
izləyicilərə təqdim olunur:

