Samuxda 17 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan metamfetamin aşkar edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilib və oradan 7 kiloqram 180 qram marixuana və metamfetamin aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri də davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinlərinə məxsus, müvafiq sənədləri olmayan “TOZ”, “İJ” və digər markalı müxtəlif kalibrli ov silahları aşkar edilərək götürülüb. Aşkar edilən ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bununla da Samux rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin ötən dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 9 əməliyyat-axtarış tədbiri həyata keçirilib və ümumilikdə 17 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Aşkar edilən digər bir fakt nəticəsində isə vətəndaşdan “Makarov” tipli tapança müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.