Tərtərdə növbəti suvarma mövsümünə hazırlıq işləri görülür

Tərtər rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sistemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir. Su itkisinin qarşısının alınması üçün arxlar lildən və kol-kosdan təmizlənir, o cümlədən torpaq məcralı kanallar beton üzlüyə alınır.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, əkin sahələri 627 kilometrə yaxın təsərrüfatdaxili və təsərrüfatarası arxlar vasitəsilə suvarılır. Ötən il 397 min kubmetr ekskvatorlarla, 116 min kubmetr isə buldozerlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılıb.

Suvarma mövsümündə Tərtər çayında su davamlı olmadığına və fasilələrlə verildiyinə görə, əsas güc subartezian quyularının üzərinə düşüb. Ötən il su mənbələrindən 254791 min kubmetr su götürülüb, 156028 hektar sahəyə 199767 min kubmetr su verilib.

Tərtər Suvarma Sistemləri İdarəsi 29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Əkin sahələri Tərtərçay, İncəçay, subartezian quyuları və Yuxarı Qarabağ kanalı üzərində quraşdırılmış Bəyimsarov nasos stansiyası vasitəsi ilə suvarılır.