Masallı məktəblisi buraxılış imtahanında ən yüksək bal toplayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb. Respublika üzrə buraxılış imtahanının birinci mərhələsində maksimum nəticə göstərən iki məzundan biri Masallı rayonundandır.

Masallı şəhərindəki şəhid Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbinin X sinif şagirdi Şəhriyar Səmədov ona təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə göstərərək 300 bal toplayıb.

Qəbul imtahanının birinci mərhələsində buraxılış imtahanında abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla, ümumilikdə, 85 tapşırıq verilib.

Şəhriyar Səmədov dəfələrlə respublikada keçirilən fənn olimpiadalarında yüksək nəticə göstərib. Ötən il o, Təhsil Nazirliyinin keçirdiyi respublika fənn olimpiadasının (riyaziyyat fənni üzrə) bölgə mərhələsinin qalibi olub. Finalda iştirakına görə Təhsil Nazirliyinin sertifikatına layiq görülüb. Doqquzuncu sinifdən etibarən bütün sınaq imtahanlarında uğurlu nəticələr (609-680 bal) göstərib.

O, buraxılış imtahanlarına xüsusi hazırlaşdığını bildirib. İkinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarına qatılan Masallı məktəblisi bu imtahanlarda da ən yüksək bal - 700 bal toplamaq niyyətindədir. Onun məqsədi Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, maliyyə ixtisasına yiyələnməkdir.

Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbinin digər məzunu, Şəhriyarın sinif yoldaşı Xalid Rüstəmov isə buraxılış imtahanının birinci mərhələsində 268 bal toplayıb. O, ötən il Lənkəran Dövlət Universitetinin keçirdiyi regional fənn olimpiadasının (riyaziyyat fənni üzrə) qalibi olub. Şəhriyarın digər sinif yoldaşı Ağa Ağayev isə bu olimpiadada üçüncü yeri tutub.

Şəhriyarın atası Şahin Səmədov övladının təhsil aldığı məktəbdə Azərbaycan dili-ədəbiyyatı fənnini tədris edir. O, oğlunun həm müəllimi, həm də valideyni kimi sevindiyini, Şəhriyarın digər fənn müəllimlərinə, xüsusən riyaziyyat müəllimi Camaləddin Əliyevə və tarix müəllimi Cahid Ağayevə minnətdarlığını bildirib.

Səmədovlar ailəsinin sonbeşiyi olan Şəhriyarın qardaşı Fərid Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini bitirib, hazırda hərbi xidmətdədir. Bacısı isə kənd məktəbində müəllim işləyir.

Daim öz üzərində çalışan Şəhriyar Səmədov boş vaxtlarında rəssamlıqla da məşğul olur.//azertac