Prezident Kasım-Jomart Tokayevin bəyanatı - TAM MƏTN

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Qazaxıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Kasım-Jomart Tokayevin
bəyanatı
-Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Mən bu gün aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi. Hörmətli İlham Heydər oğlu ilə səmimi şəraitdə əməkdaşlığımızın bütün aspektlərinə dair fikir mübadiləsi apardıq, necə deyərlər, regional və beynəlxalq problemlər barəsində saatlarımızı tutuşdurduq, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etdik.

Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzaladıq. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək.

Qazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Biz məmnunluqla qeyd etdik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib. Biz ixrac-idxal malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılığa gəldik. Ölkələrimizin müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti, - söhbət bizim İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadan, ticari-iqtisadi missiyadan, İşgüzar Şuradan, ticarət evlərindən gedir, - iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir.

2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.

Biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib.

Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir. Fürsətdən istifadə edib bu mühüm təşəbbüsləri şəxsən dəstəklədiyinə görə Azərbaycanın lideri, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm.

Biz iqtisadiyyatlarımızın yeni artım nöqtələri ola biləcək mütərəqqi investisiya layihələrinin reallaşdırılması üzərində ayrıca dayandıq. Sənaye, toxuculuq, aqrosənaye və tikinti sahələrində iri müştərək müəssisələr açılması mümkündür. Biz iki ölkənin hökumətlərinə birgə həyata keçirilməsi üçün iri layihələrin müəyyən edilməsi barədə tapşırıq verdik. Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük potensial var. Ötən ilin yekunlarına görə aqrar-sənaye kompleksi məhsullarının ikitərəfli ticarətinin həcmi üç dəfə artıb və 146 milyon dollara bərabər olub. Beləliklə, bu gün bizim ümumi əmtəə dövriyyəmizin üçdəbir hissəsindən çoxu kənd təsərrüfatının payına düşür. Biz kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü daha da artırmağın vacibliyini qeyd etdik.

İnformasiya texnologiyaları sahəsində kooperasiyanın gücləndirilməsi perspektivli sahə kimi müəyyən edildi. Hazırda Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş aparılır. Biz bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq onun vaxtında icrasını təmin etmək barədə tapşırıq verdik. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlarımız dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin reallaşdırılmasına, habelə Qazaxıstandakı lT-startapların məkanlarından istifadə etməyə dəvət olunurlar.

Maliyyə sahəsində əməkdaşlıq üçün böyük təməl var. Bu gün Azərbaycan nümayəndə heyəti Astana Beynəlxalq Maliyyə Mərkəzini ziyarət edəcək. Bu mərkəz maliyyə və müasir texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət üçün yaxşı platforma ola bilər.

Hörmətli xanımlar və cənablar.

Çoxşaxəli əməkdaşlığı möhkəmlətmək üçün bizim əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmlətmək vacibdir. Buna görə biz mədəni-humanitar gündəliyimizin keyfiyyətcə zənginləşməsinə hər vasitə ilə şərait yaratmalıyıq. Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi bu ilin əlamətdar hadisəsi olacaq. Ölkəmizdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunması barədə razılıq əldə edilib. Ayrıca qeyd etmək istəyirəm ki, bu il Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək. Rəmzi haldır ki, bu tədbirlərə start verəcək hadisə bizim bu gün Astananın mərkəzində Azərbaycan xalqının şanlı oğlunun adını daşıyan küçənin açılışında iştirak etməyimiz olacaq. “Qazaxıstan” telekanalı da Heydər Əliyev haqqında “Görkəmli həyat” adlı nadir sənədli film hazırlayıb. Film bu gün ölkəmizin milli televiziyasının efirində göstəriləcək. Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir.

İki ölkənin gəncləri arasında təmaslar da bizim humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Biz gənclər siyasəti və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün tərəflərin atdığı addımları alqışladıq. Müvafiq nazirliklərə akademik mobilliyin təmin olunmasına, birgə təhsil və elmi layihələrin təşkilinə maksimum kömək etmələri barədə tapşırıq verilib.

Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi qardaş xalqlarının daha da yaxınlaşmasına sanballı töhfə verə bilər. Bu gün müvafiq sazişlər imzalandı. Ona görə də danışıqların gedişində Qazaxıstan telekanallarının Azərbaycan kabel operatorları şəbəkələrində yayımlanmasına, habelə animasiya filmlərinin distribusiyasına dair razılaşmaların reallaşdırılmasının vacibliyi qeyd edilib.

Bu gün beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar. Bu baxımdan qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklər sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır. Bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsinin və birgə tədbirlər görülməsinin zəruriliyi eyni qaydada anlaşılır.

Gördüyünüz kimi, müzakirə edilən məsələlərin dairəsi çox geniş olub. Azərbaycan Prezidentinin səfərinə görə ona bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu səfər ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurla davamı üçün həqiqətən çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ilə əməkdaşlıq Qazaxıstan üçün prioritet məsələ olub və olacaq. Biz bu əməkdaşlığı konkret məzmunla, konkret razılaşmalarla zənginləşdirmək üçün nə mümkündürsə edəcəyik. Diqqətinizə görə sağ olun.