Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

Azərbaycan geniş anlamda regionda güclü iqtisadiyyatların qurulması, habelə qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında çıxışı zamanı deyib.

Nazir, həmçinin ölkəmizin Avrasiya məkanında, istər Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan keçməklə Avropa və Çin arasında, istərsə də Körfəz ölkələrinə qapı açmaqla Şimal və Cənub arasında strateji yerləşmə mövqeyi kimi diqqət çəkdiyini qeyd edib.

Azərbaycanın infrastruktur imkanları və biznes yönümlü şəraitinin regional əməkdaşlıq və bağlantıların inkişafı üçün mərkəz rolunu oynadığını diqqətə çatdıran Ceyhun Bayramov geniş alternativ enerji potensialına malik olan ölkəmizin alternativ enerji ixracı imkanlarını qeyd edib.