Şərqin təhsil tarixindən
XXI əsrdə bir çox tələbələr pulsuz təhsil almağı arzulayır, XIV yüzillik uzaq keçmiş kimi görünsə də, o dövrün təhsil sistemi, onun təşkili üsulları, logistikası barədə öyrənə biləcəyimiz bir neçə tövsiyə var ki, onlar bu gün də faydalıdır.
Böyük Britaniyanın Mançester Universitetinin professoru Səlim əl-Həsaninin rəhbərliyi ilə qələmə alınmış “1001 ixtira. Müsəlman sivilizasiyasının ölməz irsi” kitabı Şərq dünyasının elm sahəsində əldə etdiyi töhfələrdən bəhs edir. Artıq bir neçə ildir ki, Avropa ölkələrində, Rusiyada, Türkiyədə nəşr olunan və təqdimatları keçirilən bu kitab müsəlman sivilizasiyasının elmi və texnoloji aspektlərinin tarixi qiymətləndirilməsində dəyərli töhfə hesab olunur və müasir bəşəriyyətin müsəlman dünyasının yaratdığı elmi ənənələr qarşısında nə qədər borclu olduğuna bir xatırlatmadır. Əslən İraqdan olan professor S.Həsani kitabın çox maraqlı yazılma tarixi olduğunu bildirir. 1975-ci ildə Mançester Universitetinin Elmi Texnologiya İnstitutunun (UMIST) rektoru lord B.Bouden yüzilliklər ərzində müsəlmanların Çindən tutmuş İspaniyaya qədər olan böyük əraziləri necə idarə etməsinə heyran qaldığını bildirmişdi. Onların Roma imperiyası dönəmində bu torpaqlarda tüğyan edən inflyasiya ilə mübarizə üçün indeksləşdirmə prinsiplərini tətbiq etməsi isə onda xüsusi maraq oyatmışdı. O, Lordlar Palatasında bəyan etmişdi ki, inflyasiyaya məruz qalmış Birləşmiş Krallığın iqtisadiyyatını böhrandan çıxarmaq üçün müsəlmanların təcrübəsini öyrənmək və təxminən 1400 il əvvəl “Qurani-Kərim”də əks olunmuş iqtisadi prinsipləri diqqətə almaq lazımdır. Lord B.Bouden müsəlman elmləri, texnologiyalar və ticarət tarixi İnstitutu yaradaraq Mançester Viktoriya Universitetinin, Mançester Universitetinin Elmi Texnologiya İnstitutunun (UMIST) bir neçə müəllimini və Səlim əl-Həsanini burada işləməyə dəvət edib. 1993-cü ildə Elm və Texnologiyalar Tarixi Departamentinin rəhbəri, Mançester Elm və Sənaye Muzeyinin yaradıcısı professor Donald Karduell professor Səlim əl-Həsaniyə belə bir təkliflə müraciət edib: “Səlim, siz əlbəttə ki, mühəndislik fikir tarixi üçün itirilmiş minillik, biz bu dövrü Qaranlıq əsrlər adlandırırq, barədə məlumatlısınız. İtirilmiş biliklərin böyük hissəsi tanınmış kitabxanaların zirzəmilərini tutan ərəb əlyazmalarında saxlanılır. Siz nüfuzlu universitetdə mühəndislik fənləri üzrə peşəkar müəllimsiniz və ərəb dilini bilirsiniz. Buna görə də siz bu boşluğu doldurmağa daha çox layiqsiniz”.
“Bu çağırış məni tədqiqatlar yolu ilə hərəkət etməyə sövq etdi, həyatımı dəyişdi. Məhz o vaxtdan bu kitabın tarixi başladı. 1993-cü il oktyabrın 27-də mən Oksfordda Şeldon teatrında kral əlahəzrətləri şahzadə Çarlzın “İslam və Qərb” adlı seminarında iştirak etdim. Onun çıxışındakı aşağıdakı fraqment mənim qənaətlərimi möhkəmləndirdi: “Mərkəzi Asiyadan Atlantik okeanın sahillərinə qədər müsəlman dünyası elm və təhsilin çiçəkləndiyi dünya idi”,-deyə professor S.Həsani kitabının giriş hissəsində yazır. Bir neçə ildən sonra professor D.Karduell Fəlsəfə və Ədəbiyyat Cəmiyyətində S.Həsaninin “Elm və texnologiyada müsəlman töhfəsi” adlı tədqiqat işlərinin təqdimatını keçirib.
2006-cı ildə professor Səlim əl-Həsaninin rəhbəri olduğu Elm, Texnologiya və Sivilizasiyalar Fondu “Min bir ixtira” layihəsi üzərində işlərə başlayıb. Həmin dövrdən etibarən müsəlman sivilizasiyasının elmi nailiyyətlərinə ictimai maraq sürətlə armağa başlayıb. Birləşmiş Krallığın bir çox xeyriyyə təşkilatları, hökumət, elm və təhsil müəssisələri bu layihənin sponsoru kimi çıxış ediblər. “Min bir ixtira” kitabının ilk iki nəşri 100 min tirajla satılıb. Fond 2010-cu ildə Londonda dünyada məşhur olan Elm muzeyində “Jameel Foundation” (ALJCI) fondunun dəstəyi ilə müsəlman sivilizasiyasının elmi nailiyyətlərinə həsr olunmuş sərgi təqdim edib. Cəmi 5 ay ərzində sərgini 400 min insan ziyarət edib, onlardan böyük qismi isə əvvəllər bu muzeydə heç vaxt olmayıblar. Daha sonra sərgi-təqdimatlar Nyu-Yorkda, Los-Ancelesdəki Kaliforniya Elm Mərkəzində də təşkil olunub.
“Min bir ixtira” Britaniya Elm, Texnologiya və Sivilizasiyalar Fondunun irimiqyaslı təhsil layihəsidir. Kitab və eyniadlı sayt VII-XVIII əsrlər dönəmində müsəlmanların nailiyyətləri barədə biliklərin yayılması üzrə qlobal proqramın yalnız kiçik hissəsidir. İdeyanı ilk olaraq ingilis dilində həyata keçirən müəlliflər layihənin digər dillərdə də versiyasının yaradılmasını qarşıya məqsəd qoyublar. Kitab bir neçə ildən sonra ərəb dilində, ən sonda isə rus dilində çap olunub.
Kitabın müsəlman dünyasında təhsilin inkişafına dair hissələrini dostlarla bölüşürəm.
***
Məktəbdə keçirdiyimiz illər sayəsində biz sevimli müəllimlər, fənlər və idman bayramlarından tutmuş çətin imtahanlara qədər müxtəlif hadisələrlə bağlı çoxsaylı xatirələr qazanırıq. Bizim həyatımız lazımi səviyyədə biliklər alaraq məktəbi tərk edənə qədər dərslə bağlı olur.
Müsəlman ölkələrində min illər əvvəl məscidlər məktəb rolunda çıxış edib. Din və məktəb bir-birindən tamamilə fərqlənməyib, çünki məscid həm ibadət, həm də tədris yeri olub. Öyrənilən materiallar, təbiətşünaslıq, din və elmlər komfort olaraq yanaşı mövcud olublar, bunu isə dünyanın digər ölkələrində olan məktəblər barədə həmişə demək olmaz. Danimarkalı tarixçi Yohannes Pedersenin sözlərinə görə, tədris “dinlə sıx bağlı idi, özünü hər ikisinə həsr etmək isə daxili məmnunluq və Allaha ibadətə gətirirdi, alimləri nəinki məhrumiyyətlərə qarşı dözümlü edir, hətta başqalarını da onlara kömək göstərməyə sövq edirdi”. Məhəmməd peyğəmbər (s.ə.s) məscidləri tədris məkanına çevirərək onlara baş çəkməklə, rəhbərlik etməklə tədris prosesinə nəzarət edirdi. Təsis olunan bütün ibadət evlərində baza təhsilinə başlanılırdı. O, hətta “Qurani-Kərim”i öyrənmiş müəllimləri “əhl əl-ülam”ları (bilik sahiblərini) ərəb qəbilələrinə göndərirdi. Bu isə təhsilin hər yerdə yayılmasına xidmət edir və səyahət edən müəllimlərə öz tələbatlarını təmin edə biləcək həyat sürmələrinə imkan verirdi. Coğrafiyaçı, tacir və X əsrin səyyahı İbn Xaukal Palermoda ibtidai məktəbdə 300 müəllimin işlədiyini xəbər verirdi.
VII əsrdə Məhəmməd peyğəmbərin dönəmində Mədinədə 9 məscid var idi. Burada ilk məktəb 622-ci ildə yaradılıb, daha sonra isə bu ideya bütün dünyaya yayılıb. Dəməşqdə (Suriya) bu cür məktəb 744-cü ildə yaradılıb. VIII əsrdə məktəblər Kordovada (İspaniya) da yaradılıb. IX əsrin sonlarında isə, demək olar ki, bütün məscidlərin nəzdində oğlan və qızların təhsili üçün ibtidai məktəblər olub.
Demək olar ki, 6 yaşlı bütün oğlanlar və bəzi qız uşaqları ibtidai məktəblərə gedirdi. Varlı ailələrdən olan uşaqlar isə fərdi təhsil alırdılar. Təhsil adətən pulsuz və ya o qədər ucuz idi ki, hamı üçün əlçatan idi. İlk yazı dərslərinin birində Allahın 99 gözəl adlarının və “Qurani-Kərim”dən sadə şeirlərin necə yazılması öyrədilirdi. Daha sonra isə “Qurani-Kərim”in diqqətlə öyrənilməsi və hesablama qaydalarının mənimsənilməsinə başlanılırdı.
X əsrdə dərslər məscidlərdən müəllimlərin evlərinə keçdi. Bu isə məktəbin getdikcə inkişafından xəbər verirdi. Bu, əvvəlcə İranda baş verdi. Daha sonra səlcuqlar 1066-cı ildə Bağdad vəziri Nizamül-Mülkün şərəfinə adlandırılan Nizamiyyə mədrəsəsini yaratdılar. Bu, sözün tam mənasında əsl məktəb idi, onun tədris məşğələlərinin aparılması üçün ayrıca binası var idi. Lakin öz əməkləri müqabilində maaş alan müəllimlərin işlədikləri binalar hələ islamın ilk günlərində yaranmağa başlamışdır.
İslamın ilk dövrlərində məktəblər təhsil səviyyəsindən asılı olaraq 4 kateqoriyaya bölünürdü: adi, orta (“oxucular otağı”), “hədislər evi” və tibbi.
Adi məktəblər ümumtəhsil xarakteri daşıyırdı və ibtidai təhsilə uyğun idi. Şagirdlər bu mərhələni başa vurduqdan sonra birinci səviyyə üzrə şəhadətnamə alırdılar və orta təhsil səviyyəsinə keçə bilərdilər. Bu cür məktəblər daha çox yayılmış təhsil ocaqları idi, onlar bütün kəndlərdə fəaliyyət göstərirdilər.
Dar əl-kurra və yaxud “oxucular evi” orta məktəb idi, burada ərəb dili bilikləri təkmilləşdirilir, yeni oxu vərdişləri və Quranın oxunuşu qaydaları mənimsədilirdi. Burada həm də imamlar və müəzzinlər hazırlanırdı.
Dar əl-hədis və ya “hədislər evi” Məhəmməd peyğəmbərin (s.ə.s) kəlamlarının, hədislərinin tədrisi və tədqiqi üzrə ixtisaslaşmışdı. Bu məktəbin məzunları öz statusuna görə universitet təhsilinə ekvivalent olan təhsil alırdılar və dini müəssisələrdə çalışa bilərdilər.
İlk tibb məktəbi 1231-ci ildə Dəməşqdə açılıb. Buna qədər isə tibb təhsilini yalnız xəstəxanada və ya həkim yanında şagirdlik etməklə almaq olardı. Lakin tibbin ixtisaslaşmış müəssisələrdə əsl tədrisi yalnız XVI əsrdə Sultan Süleymanın hakimiyyəti dövründə kök saldı.
Müsəlman torpaqlarında digər binalar kimi məktəblərin tikintisində də pula qənaət olunmurdu, gözəllik bu cür tikililərin mühüm xüsusiyyəti idi. Onların hər birində bir, iki, üç və ya dörd eyvanlı daxili həyət var idi. Həyətdə dərslər keçilir və ibadət icra olunurdu. Həyətdə yaşayış tikililəri (fərdi otaqlar) və dəstəmaz kompleksi var idi. Dövlət və ya hakim xəlifə tədrisin gedişinə nəzarət edirdi, müəllimlər isə pedaqoji fəaliyyət göstərmək üçün icazə almalı idilər.
XIV əsrin müsəlman pedaqoqu İbn əl-Xac deyirdi: “Məktəbləri uzaq yerlərdə deyil, bazarlarda və ya insanların çox olduğu yerlərdə yerləşdirmək lazımdır. Bu, tədris müəssisəsidir, yeməkxana deyil, oğlanlar evlərindən məktəbə yemək və ya pul gətirməməlidirlər.
Müəllimlərin köməkçiləri olmalıdır, onlar şagirdləri və digər ziyarətçiləri (onların titullarına uyğun olaraq) yerlərdə oturtmalı, yatanları oyatmalı, uyğun olmayan işlərlə məşğul olanlara və ya öz vəzifələrinə əməl etməyənlərə iradını bildirməli və onları dərsə qulaq asmağa çağırmalıdır. Dərsdə danışıqlar, gülüş və zarafatlar qadağandır”.
XV əsrdə türklər İstanbul və Ədirnə kimi şəhərlərdə tədris kompleksləri yaratmaqla təhsildə islahatlar apardılar. Yeni sistem külliye adlanırdı və özündə məscidli universitet kampusu, xəstəxana, məktəb, ictimai mətbəx və yeməkxananın təşkil olunmasını nəzərdə tuturdu. Bu isə tədrisin geniş təbəqələr üçün daha açıq olmasını təmin edirdi, kompleksdə pulsuz qida, tibbi xidmət, bəzən də yaşayış yeri ilə təmin olunmaq imkanı var idi. Belə bir sistem İstanbulda 16 məktəbdən ibarət Fatih-Külliyəsi idi, burada təbiətşünaslar və ilahiyyatçılar dərs keçirdi.
Bütün bunlar üçün pullar haradan əldə olunurdu? Vəsaitlər vergidən daha çox dövlət fondlarından, vəqf adlandırılan xeyriyyə ianələrindən əldə olunurdu. İslama qulluq edən istənilən şəxs xüsusi təsisçi aktı ilə məktəb yarada bilərdi. Maliyyə vəsaitlərinin ayrılması məktəblərin saxlanması, müəllimlərin əməkhaqqının verilməsi, yaşayış, təhsilalanların yeməklə təmin olunması, ehtiyacı olanlara təqaüdlərin verilməsi kimi xərclərin ödənməsini təmin edirdi.
Təhsil çox yüksək qiymətləndirildiyindən ona pulları səxavətlə verirdilər və bu sahə çiçəklənirdi. XIV əsrin müsəlman səyyahı İbn Battuta bütün təhsil xərcləri ödənilmiş məktəbli haqqında yazırdı: “Təlim keçməyi və özünü dini həyata həsr etməyi arzulayan hər kəs bu məqsədlərinə nail olmaq üçün bütün zəruri köməyi alırdı”.
XXI əsrdə bir çox tələbələr pulsuz təhsil almağı arzulayır, XIV yüzillik uzaq keçmiş kimi görünsə də, o dövrün təhsil sistemi, onun təşkili üsulları, logistikası barədə öyrənə biləcəyimiz bir neçə tövsiyə var ki, onlar bu gün də faydalıdır.
Ardı var..
Oruc Mustafayev