Daşkəsəndə bir-neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonu ərazisində fəsadlara səbəb olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib ki, leysan xarakterli yağışlar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Quşçu-Çovdar-Çaykənd, Çanaxçı-Alaxançallı və Qaraqollar-Muşavaq avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb , 9 ədəd suötürücü boruya ziyan dəyib.

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Sözügedən yollar nəzarətdə saxlanılır.