Macar şirkətləri azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərirlər
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə Macarıstanla münasibətlərin inkişafının artan dinamikasının, qarşılıqlı rəsmi səfərlərin, yüksək səviyyəli görüşlərin, keçirilmiş tədbirlərin, geniş müqavilə-hüquq bazasının iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz təkcə ikitərəfli platformalarda deyil, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq edirlər. Bununla yanaşı, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsində və müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində önəmli rol oynayır.
Görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb, macar şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiklərini bildirib, iqtisadi əlaqələrin genişləndirilməsi barədə danışıb.
Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.