Azərbaycan-Türkiyə əməkdaşlığının iqtisadi sahəsində 110 bəndlik yol xəritəsi icra olunur - Ceyhun Bayramov
Azərbaycan və Türkiyə arasında yalnız iqtisadi sahədə 110 tədbir, addım və layihəni əhatə edən yol xəritəsi uğurla həyata keçirilir.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərini əhatə edən bəyannamə bütün sahələri əhatə edir.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadiyyat, investisiya, ticarət, müdafiə, təhlükəsizlik, humanitar sahə, beynəlxalq təşkilatlarda əməkdaşlıq, üçüncü ölkələrdə birgə fəaliyyət və genişmiqyaslı regional infrastruktur layihələri də daxil olmaqla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq həyata keçirilir.
C.Bayramov qeyd edib ki, bu gün aparılan müzakirələrdə bir sıra prioritet istiqamətlər, o cümlədən alternativ enerji sahəsində yeni əməkdaşlıq mövzuları müzakirə olunub.
“Ümumilikdə bütün sahələrin hər birində əməkdaşlıq mövcuddur, təməllər çox genişdir. Ancaq həyat davam edir və yeni reallıqlar yeni imkanlar yaradır, yeni imkanlar isə yeni yanaşmalar tələb edir”, – deyə nazir vurğulayıb.
O bildirib ki, Azərbaycan və Türkiyə yeni imkanları müntəzəm şəkildə müəyyənləşdirir və bu istiqamətdə fəaliyyət göstərirlər.
C.Bayramovun sözlərinə görə, 2025-ci ilin dekabrında iki ölkə arasında İqtisadi Hökumətlərarası Komissiyanın iclasının nəticəsi olaraq yalnız iqtisadi sahədə 110 bənddən ibarət yol xəritəsi qəbul edilib.
“Bu yol xəritəsi onilliklərə yönəlmir, daha qısa müddətə hesablanıb. Yəni yalnız iqtisadi sahədə komissiyanın müəyyən etdiyi 110 tədbir, addım və layihə mövcuddur ki, bunlar iki ölkə arasında uğurla həyata keçirilir”, – deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan-Türkiyə əməkdaşlığı diplomatik və siyasi sahələrlə məhdudlaşmır. O, ölkələrin iştirakı ilə regional dövlətlərlə üçtərəfli və dördtərəfli formatlarda həyata keçirilən əməkdaşlığı da qeyd edib.
C.Bayramov Azərbaycanın son illərdə, xüsusilə dördillik Qoşulmama Hərəkatına sədrliyindən sonra Afrika ölkələri ilə əlaqələri prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini bildirib.
Onun sözlərinə görə, Afrika istiqamətində ticarət-iqtisadi missiyaların sayı və həyata keçirilən layihələrin sayı artır, bu sahədə böyük potensial mövcuddur.
Nazir qeyd edib ki, Türkiyə Afrikada böyük diplomatik və iqtisadi təmsilçiliyə malik ölkələrdən biridir.
“Bizim birgə həyata keçirdiyimiz iş istiqamətlərindən biri də bu sahədə Azərbaycan, Türkiyə və bu və ya digər Afrika ölkəsinin iştirakı ilə birgə, müştərək layihələrin həyata keçirilməsidir”, – deyə C.Bayramov bildirib.
O, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 15 illiyi ilə bağlı ötən həftə keçirilmiş tədbirləri də nümunə göstərib.
C.Bayramov bildirib ki, bununla bağlı təşkil olunan konfrans çərçivəsində AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında birgə fəaliyyət, iki ölkə arasında əməkdaşlıq və beynəlxalq yardım sahəsində birgə layihələrin həyata keçirilməsi Azərbaycan-Türkiyə əməkdaşlığının yeni istiqaməti kimi müəyyənləşdirilib.
Nazir qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığının bütün istiqamətlərini sadalamaq üçün ayrıca, genişmiqyaslı, hətta bir neçə günlük tədbir keçirmək lazım gələ bilər.
“Qeyd etdiyimiz bütün bu formatlar məhz əlaqələndirməni daha da gücləndirməyə, daha da nəticəyönümlü olmasına yönəlib”, – deyə o vurğulayıb.
C.Bayramov hesab edir ki, Hakan Fidanın Azərbaycana bugünkü səfəri də məhz bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə və əlaqələndirmənin gücləndirilməsinə xidmət edir.

