Mətbuat Şurası Fransa Prezidentinə açıq məktub ünvanlayıb
Azərbaycan Mətbuat Şurası Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident, Ermənistan Parlamentinin spikeri Alen Simonyan bu il iyulun 11-13-də Fransaya işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri Jerar Larşe tərəfindən qəbul edilib. J.Larşe iyulun 13-də özünün tvitter hesabındakı paylaşımında bildirib ki, A.Simonyanla ayın 11-də keçirdiyi görüşdə Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin dərhal açılmasını, guya Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Fransanın ona müdafiə xarakterli silahlar verməsini tezləşdirməyi tələb edib.
Fransa parlamentinin yuxarı palatası olan senatın rəhbərinin bu mövqeyi Azərbaycan cəmiyyətində ciddi etiraz formalaşdırdığı kimi, ölkəmizin media ictimaiyyətinin də narazılığına səbəb olub. Həmçinin, Larşenin paylaşımının Fransanın ayrı-ayrı media orqanlarında yayılması və təqdir edilməsi də ciddi narazılıq doğuran məqamlardan biridir.
Hesab edirik ki, senat sədrinin belə fikir bildirməsi həssaslığı ilə seçilən Cənubi Qafqaz bölgəsində sülhün əldə edilməsinə yönələn səylərə qarşı çıxmaq cəhdidir. Təəssüf ki, bu cəhd müxtəlif media vasitələrinin köməyi ilə Fransanın ictimaiyyətinə ötürülüb, bununla faktiki müharibə ab-havasının formalaşdırılmasına start verilib
Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Azərbaycan mediası iki ölkənin ortaq məxrəcə gəlməsi, sülh müqaviləsinin imzalanması, bölgədə kommunikasiyaların tam açılması, sərhədlərin delimitasiyası kimi məsələlərin həllinə yönəlmiş səyləri yaxından izləyir. Avropa İttifaqının da diqqət mərkəzində olan bu prosesə bütövlükdə böyük ictimai maraq vardır. Mövcud şəraitdə, sülh gündəliyinin aktuallıq daşıdığı bir zamanda cənab Larşenin Ermənistanın silahlandırılması və yekun nəticədə isə regionun militarizasiyası məqsədini güdən bu mesajını yolverilməz hesab edirik
Otuz ilə yaxın müddətdə münaqişənin ədalətli həllinə yönəlmiş hər hansı addımın atılmaması, əksinə, Ermənistanın davamlı silahlandırılması işğalçının yeni cinayətlərə hədəflənməsinə şərait yaratdı. Hesab edirik ki, beynəlxalq aləm, o cümlədən Fransa ictimaiyyəti və mediası ilk növbədə bunu nəzərə almalı, regionda gərginliyin daha da artmasına və arzuolunmaz ssenarilərin yaşanmasına qarşı müqavimət göstərməlidir. Cənab Larşenin fikirlərinin təbliği yaşadığımız coğrafiyada hələ də kövrək olan sülh gündəmini təhlükəyə atır, millitarizmin vüsət alması üçün zəmin yaradır. Bu, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri kimi, ölkəmizin mühüm ictimai instututlarından sayılan, tərkibində aparıcı media orqanlarını və jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurasını da məyus edir və təəssüfləndirir. Azərbaycan jurnalistləri hesab edirlər ki, indi yaranacaq hansısa xoşagılməz hala, silahlı eskalasiyaya və digər gərginlik təmayüllərinə görə məsuliyyət birbaşa Fransa dövlətinin və onun rəhbərliyinin üzərinə düşəcək.
Cənab Prezident, ümid edirik ki, Fransa rəhbərliyi birtərəfli mövqeyini, Ermənistanı silahlandırmaqla regionda qeyri-sabitliyin daha da güclənməsinə yönəlmiş siyasətini yenidən nəzərdən keçirəcəkdir. Onu da diqqətinizə çatdırmaq istərdik ki, hazırkı dövrə kimi Fransa tərəfindən Ermənistana piyada döyüş maşınlarının, Fransanın lisenziyasi ilə Hindistanda istehsal olunan artilleriya və raket sistemlərinin va digər hücum və öldürücü ağır silahların verilməsinə dair faktlar vardır. Bundan başqa, Fransanın Ermənistanda hərbi attaşe ofisini yaratdığı da bildirilir. Ümid edirik ki, qeyd edilmiş bu məsələlər ciddi araşdırılacaq, bizim sorğularımız cavablandırılacaq və Fransa dövləti bütün bunlara aydınlıq gətirəcəkdir.
Sizi vurğuladığımız məsələyə həssas yanaşmağa, Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsinə səy göstərməyə çağırırıq. İnanmaq istərdik ki, çağırışımıza adekvat münasibət ortaya qoyulacaq və Fransa bundan sonra Azərbaycanla Ermənistan arasında problemlərin həlli məsələsində ədalətli mövqe nümayiş etdirəcək, gərginliyin aradan qalxmasına töhfə verməklə, hər iki ölkənin xalqlarının dinc və əminamanlıq şəraitində yaşaması kimi bəşəri missiyanın gerçəkləşməsinə kömək göstərəcəkdir".