Rövşən Nəcəf Jean-Luc Guiziou ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqları rəhbər tutaraq, layihənin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.

Görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə cari ilin iyul ayının əvvəlində hasilata başlanılmasından məmnunluq ifadə olunub, layihənin cari vəziyyəti və ölkəmizin hasilat potensialının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İHS layihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur.