Azərbaycanın daha iki boksçusu Avropa birinciliyinin yarımfinala vəsiqə qazanıb

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşləri başa çatıb.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, görüşlərin yekununa əsasən yarımfinala millimizin daha iki üzvü vəsiqə əldə edib.

Şahin Aslanov (52 kiloqram) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Adil Zalov da yarımfinalda iştirak hüququ qazanıb. 63 kiloqramda mübarizə aparan boksçu 1/4 finalda Yan Mikuliç (Xorvatiya) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Bununla da Azərbaycan millisinin 1/2 finala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Aslanovla Zalovdan öncə İsmayıl Vəliyev (70 kiloqram) və Səftər Məmmədzadə (90 kiloqram) də 1/4 final səddini uğurla adlayıb.

Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.