Beynəlxalq axtarışda olan Moldova vətəndaşı Britaniyadan Azərbaycana ekstradisiya edilib
Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən “Ekstradisiya haqqında”.1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova Respublikasının vətəndaşı İon Secrierunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan olunub.
Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ərazisində saxlanılaraq sentyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.