Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt sakinləri və sürücülərə müraciət edib. Müraciət oktyabrın 2-6-da Bakının dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə əlaqədardır.

Bu barədə İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O, tədbirin Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcəyini, beynəlxalq tədbirdə iştirak edəcək yerli və xarici qonaqların əsas hərəkət marşrutlarının isə Bakının mərkəzi küçə və prospektlərini əhatə etdiyini qeyd edib: “Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusilə sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Həmin ərazilərə daxil olan çoxsaylı ziyarətçilərin axınının fasiləsiz və yüksək təhlükəsizlik şəraitində idarə olunması məqsədilə paytaxtın Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Həsənoğlu və Təbriz küçələrində nəqliyyatın hərəkətini yükləməməyi və alternativ yollardan istifadə etmələrini xahiş edirik”.