Azərbaycan NATO PA-nın 69-cu illik sessiyasında təmsil olunacaq

Danimarka Krallığının Kopenhagen şəhərində NATO PA-nın 69-cu illik sessiyası keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, toplantıda iştirak edəcək Azərbaycan nümayəndə heyətinə NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev yer alıblar.

İllik sessiya çərçivəsində NATO PA Bürosunun, Siyasi, demokratiya və təhlükəsizlik, həmçinin Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, eləcə də Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək.

Milli Məclisin deputatları iclaslarda müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.