VƏTƏNDƏN UZAQLARDA YAŞAYAN ŞAİR 

Əhməd Həmzə oğlu Orucov 1971-ci ildə Qərbi Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının Çelyabinsk vilayətində ali təhsil almışdır. Hazırda orada da yaşayır. Ailəlidir, iki övlad atasıdır.
Ədəbi yaradıcılığı – öz fəlsəfi fikirlərini əks edən, poeziyada kosmizm istiqamətinə aid nəzmdən və rus dilindən çevirdiyi poetik tərcümələrdən ibarətdir. Öz tərcümələrini hind poeziyasının klassikləri olan Kəbirdən və R.Taqordan başlayıb. Dilimizə çevirmələrinin böyük hissəsini kosmizm ideyalarını əks etdirən poeziya təşkil edir: rus poeziyasının Gümüş dövrü şairlərinin şeirləri, çağdaş şairlərdən tərcümələr və b. Ərəb sufi şairi Omər ibn Əli ibn əl-Fəridin ünlü “Böyük qəsidə” əsərini dilimizə çevirib.
Azərbaycan və qardaş tatar xalqının birliyi, həmrəyliyi və əməkdaşlığı xətti üzrə tatar şairi Lenar Şəexovun “Əsrdə fəsillər qarışıb” adlı şeirlər toplusundan dilimizə geniş tərcümə hazırlamışdır.
2019-cu ildə Beynəlxalq Rerixlər Mərkəzinin (Rusiya, Moskva şəhəri) “Rerix Paktı. Tarix və çağdaşlıq” layihəsi çərçivəsində Avstriyada başlamış “Rerix Paktı – Mədəniyyətdən sülhə” sərgisinin Azərbaycana gətirilməsində və sərginin təşkilində yaxından iştirak edib (2020). Mədəni sərvətlərin qorunmasının, Rerix Paktının aktuallığını 44 günlük müharibədən sonra daha əyani gördük.
Aşağıda uzun illər boyu xaricdə yaşasa da bütün qəlbi ilə, ürəyi ilə Azərbaycana bağlı olan şair Əhməd Şəfəqlinin şeirlərindən nümunələri veririk.


Dördlüklər


“Dibsiz dib “ silsiləsindən

Hardadır mərkəzi sonsuz cahanın? —
Bəlkə mərkəzində göyə baxanın?..
Ulduzlar, cahanlar, ümmanlar, bəşər
Birləşər köksündə müdrik insanın...
* * *
O dərinliklərdə möcüzələr var:
Bir gün qaranlıqda işıqlar yanar;
Zamanında mütləq üzə çıxacaq —
Dibində Tanrısal Məhəbbət yaşar.
* * *
Bir dibsiz quyu var, ümmandan dərin,
Suyu da ən şəffaf, ən şirin, sərin...
Dibsiz dibindədir cahan sərvəti,
Orada qaynayır gözü Kövsərin.
* * *
Dibsiz, xəlvət quyu – catlamış sinə
Əks edir, çevirib göyü tərsinə...
Ülduzlar çimməkdə təmiz suyunda –
Bir baxın quyuda göyün bərqinə!...

“Dəniz və damcılar” silsiləsindən

Bir zərrə damlada böyük ümmanın
Bütün xassələri, qüdrəti gizli.
Könlündə dünyadan dövlət umanın
Dünyanın qiymətsiz sərvəti gizli.
***
Sübhün şəfəqində dəniz üzündə
Üfüqdən başlayan zolaq uzanır.
Elə bil, o şüa könlümdə sınıb
Səmtini dəyişir, göyə ucalır.