Müharibədən sonra daha möhkəm olmuşuq- Qurban Qurbanov

“Futbolçularıma və azərkeşlərimizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi bu birliyimizi görəndə çox sevinirəm”.

Bu sözləri “Qarabağ” baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib: “Öz xalqımı çox sevirəm. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir. Bu gün meydançada xalqın layiqli komandası var idi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Hər kəsin sevincini görürdüm və qürur duyurdum. Prezident seçkilərindən bir gün sonra “Braqa”nı səfərdə məğlub etdik. Bugünkü qələbəmiz isə təbriki tam etdi”.

O, son qolun müəllifi Nəriman Axundzadə barədə xoş fikirlər səsləndirib: “İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur. Səfər oyunundan sonra Nəriman ağlayırdı. Bütün futbolçular ona təsəlli verirdi. Fikirli idi. Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı. Allah onun əvəzini verdi”.

Baş məşqçi Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına da toxunub: “Belə oyunlarda 3-5 dəqiqə ərzində iki sarı vərəqə vermək məncə, artıq ola bilər. Birdən-birə komandanı ruhdan sala bilər. Amma bunların hamısının bizə faydası var. Futbolçu dözümlü, hər bir problemə hazır olmalıdır. Azlıqda da ola bilərsən. Amma dözümlülük, iradə mühümdür”.

Qurban Qurbanov klubda hər kəsin böyük məsuliyyətlə çalışdığını vurğulayıb: “Bu cür qalibiyyətlər futbolumuz üçün böyük uğur, inamdır. İstənilən turnirdə şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq. Məğlub ola bilərik, istədiyimiz nəticəni qazanmaya bilərik. Ancaq bu klubda məsuliyyətsiz insan yoxdur. Varsa da, tez bir zamanda düşərgəni tərk edir. Azərbaycanımızı, Qarabağımızı düşünərək, yaxşı uğur əldə etmək istəyirik”.

Təcrübəli mütəxəssis bir neçə epizodun dönüş nöqtəsi olduğunu bildirib: “Məncə, əzmkarlıq və xarakter həlledici oldu. 90 dəqiqədən sonrakı qısa fasilədə futbolçulara dedim ki, geri çəkilməməliyik, uduzsaq da, rəqibin üzərinə getməliyik. Onlar da çəkinmədilər, oynadılar. Sonda da Nərimanın qolu ilə qalib gəldik. Hər şey 10 nəfərlə qaldıqdan sonra yaşandı. O ana qədər üstünlük bizdə idi, real qol epizodları yox idi. Futbol elə oyundur ki, bəzən düşünmədiyimiz epizodlar yaranır. Elə olur ki, 5-ci dəqiqədə qırmızı vərəqə alırsan. Bunları daim göz önünə gətirməliyik. Sadəcə, sona kimi inanmaq və nəticə üçün oynamaq lazımdır”.